“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 26-cı turunda “Zirə”yə qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, 51 yaşlı mütəxəssis 3:1 hesablı qələbəyə sevindikləri matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
“Futbolçularımı təbrik edirəm. Bir az narahatlığım var idi. Bəzi oyunçular oyun ritmindən uzaq idilər. Bu, meydanda hardasa hiss olundu. Bir az boşluqlarımız oldu. “Zirə” həmin fürsətlərdən istifadə edə bilmədi. Ümumən maraqlı oyun oldu və vacib 3 xal qazandıq.
Kevin Medina uzun fasilədən sonra sıraya döndü. Yenidən yaşıl meydanlara döndüyü üçün sevinirik. Amma ağır idi. Öz optimal formasını qaytarmaq üçün bir az vaxt lazım olacaq. “Bayer”lə avrokubok oyununda hansısa dəqiqələrdə lazım olsa, biləcəyik ki, Kevin var, istənilən an meydana çıxa bilər. Bu, bizim üçün üstünlükdür.
Yassin Benzya ilə bağlı hər şey normaldır. Olavio Juninyonun durumu isə düşündüyümüzdən daha yaxşıdır. Hələ qarşıda günlər var. Əsas heyətdə olmasa da, sonradan meydana çıxmaq şansı var.
Elvin Cəfərquliyevlə Julio Romao da meydanda olacaq. Onların qayıtması üstünlükdür. Almaniyadakı oyunda daha intizamlı olmalıyıq. Rəqib öz azarkeşlərinin önündə oynayır. Leverkuzendə temp buradakından daha yüksək olacaq. Buna dözməliyik. Sabahdan başlayaraq həmin oyuna hazırlaşacağıq. Futbolçular çox yorulub. Onların durumuna görə heyət quracağıq”.
“Bu, bizim üçün böyük bir motivasiyadır”
Avropada yaşayan türklər Avroliqanın 1/8 final mərhələsi çərçivəsində baş tutacaq “Bayer”lə cavab qarşılaşmasında “Qarabağ”a dəstək kampaniyası elan ediblər. Qurban Qurbanov buna da münasibət bildirib:
“Bu, bizə çox kömək olacaq. Dəfələrlə demişəm ki, azarkeş futbolun inkişafı üçün səbəbdir. Futbolçu dəstəyi hiss edəndə daha güvənli, istəkli olur. Belə bir kampaniya başlayıbsa, onlara təşəkkür edirəm. Qardaşlarının yanında olurlar. Bizim Avropadakı oyunlarımızda öz azarkeşlərimizlə bərabər türklər də yanımızda olublar. Bu, bizim üçün böyük bir motivasiyadır.
Çox yaxşı komandaya qarşı oynayacağıq. “Bayer” komplekt şəkildə güclüdür. Futbolçular bir-birini tamamlayır. Ən təhlükəlisi də odur ki, futbolçuları acdır. Böyük titullar əldə etmək istəyirlər. Eynilə baş məşqçiləri. Böyük futbolçu olub. Onun ambisiyası böyük məşqçi olmaqdır. Böyümək üçün böyüklərə qalib gəlmək lazımdır. İnam həmişə olacaq. Çalışacağıq ki, onlara qarşı yaxşı mübarizə aparaq. Oyunun sonuna qədər dözmək bizim üçün çox vacibdir. Buradakı matçın 70 dəqiqəsində Azərbaycan çempionatındakı 90 dəqiqəlik enerjini sərf etmişdik. Böyük futbol belədir. Bunu bir oyunda etmək olar. Bunun yorğunluğunu çıxarmaq üçün daha çox vaxt lazımdır. Orqanizm buna öyrəşməyib”.
“Orxan Məmmədov namizədliyini irəli sürməyib və sürməyəcək”
“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov isə komandasının məğlubiyyətinə belə şərh verib:
“Qola kimi hər şey planlaşdırdığımız kimi gedirdi. Müdafiədən çıxanda top itkisindən sonra rəqib ilk hissənin son dəqiqələrində fərqləndi. Bundan başqa təhlükəli qol epizodları yox idi. Bizim isə bir epizodumuz var idi. Rəhim Sadıxov qapıya zərbə əvəzinə ötürmə verdi. İkinci hissədə daha açıq oyun oldu. Hesabı bərabərləşdirmək üçün yaxşı fürsətlərimiz var idi. Təəssüf ki, son fazada ötürmələr, zərbələr alınmadı. Ümumən futbolçuların apardığı mübarizədən, oyun planından narazılığım yoxdur. Turnir cədvəli elədir ki, hər oyunda xal qazanmaq lazımdır. Bu gün yaxşı oyundan daha önəmli olan nəticədir. Təəssüf ki, bunu əldə edə bilmədik. Qarşıda bizi “Kəpəz”ə qarşı çox vacib oyun gözləyir.
Turnir cədvəli hələ ki, yalnız kuboku düşünmək üçün şərait yaratmır. Önümüzdəki komanda ilə aramızda 1 xal fərq var. Növbəti tur bizim üçün olduqca vacibdir. Hər komandanın avrokuboklara vəsiqə qazanmaq imkanı var. Oyunların daha da gərgin keçməsi bununla bağlıdır. 26 turdan sonra “Qarabağ”dan başqa digər komandaların maksimum 10 qələbəsi var. Ümumiyyətlə çempionatda qələbə qazanmaq çox çətindir. Bu periodda oyununu qoruyub saxlayan, daha soyuqqanlı olan komanda daha uğurlu nəticə əldə edəcək. Çoxsaylı itkilərimiz var. Hücum xəttində oynatmağa oyunçumuz yoxdur. Sezar Meza Kollinin bu gün oynamasını planlaşdırmırdıq. Oyun elə getdi ki, düşündük 15-20 dəqiqə ondan istifadə edək. Bir az riskli idi. Amma onun meydana girişi özünü doğrultdu. Meza Kollinin vaxta ehtiyacı var. Düşünürəm ki, qısa müddət ərzində öz formasını bərpa edər”.
Rəşad Sadıqov “Zirə”nin fəxri prezidenti Orxan Məmmədovun AFFA prezidentliyinə namizəd olacağı barədə xəbərlərə də münasibət bildirib:
“Mən o səlahiyyətdə insan deyiləm ki, AFFA prezidentliyini müzakirə edim. Mən məşqçiyəm. Oyunumuz, komandam haqda danışıram. Azərbaycan futboluna uğurlar arzulayıram, yeni prezidentimiz xeyirli olsun. Mənim bildiyim qədərilə Orxan Məmmədov namizədliyini irəli sürməyib və sürməyəcək”.


