Emin Mahmudov “Səbail”lə oyunu buraxa bilər

“Neftçi”nin kapitanı Emin Mahmudov Azərbaycan Premyer Liqasının 27-ci turunda “Səbail”lə keçiriləcək oyunu buraxa bilər.

Arena.az xəbər verir ki, bu barədə paytaxt klubunun mətbuat xidməti məlumat yayıb.

“Kəpəz”lə 26-cı turun matçında (3:3) zədələnən kapitanın qarşıdakı görüşdə meydana çıxıb-çıxmayacağına oyun günü aydınlıq gələcək.

Bərpa və müalicə prosesini davam etdirən qapıçı Emil Balayev, müdafiəçi Azər Əliyev və yarımmüdafiəçi Ataa Caber isə qəsəbə təmsilçisi ilə matçda məşqçilər korpusunun sərəncamında olmayacaqlar.

Qeyd edək ki, martın 15-də “Neftçi Arena”da keçiriləcək “Neftçi” – “Səbail” oyunu saat 19:00-da başlayacaq.

Emin Mahmudov 2017-ci ilin sentyabr ayından “Neftçi”nin uğurları üçün çalışır. O, indiyə qədər bu komandada keçirdiyi 223 oyunda 54 qol və 55 məhsuldar ötürmə müəllifi olub.

Emin “Neftçi”dən öncə Moskva “Spartak”ında, “Boavişta”, “Tom”, “Mordoviya”, “Krılya Sovetov”, “Saturn” kimi klublarda da forma geyinib. O, Azərbaycan milli komandasında da 45 matç keçirib, 13 qol vurub.

Xəbəri sosial şəbəkələrdə paylaş: