PSJ-nin fransalı ulduzu, hücumçu Kilian Mbappe cari ilin yayında Parisdə keçiriləcək Olimpiadada Fransa yığmasının heyətində oynamaya bilər.
Arena.az bu barədə Fransanın nüfuzlu “L’Équipe” nəşrinə istinadən məlumat verir.
Vurğulayaq ki, daha əvvəl Mbappe Olimpiya futbol yarışında iştirak etmək istəyinin böyük olması barədə bildirmişdi.
Mənbənin məlumatına görə, Mbappenin “Real” mümkün keçidi səbəbindən Olimpiya turnirində iştirakı imkanı getdikcə azalır. Bildirilir ki, ulduz futbolçunun böyük ehtimalla keçəcəyi “Real” yeni mövsüm başlamazdan əvvəl, yay istirahətinin olmamasına səbəb olacağı üçün Mbappeni Fransa Olimpiya komandasına buraxmaq istəmir.
Xatırladaq ki, təqvim sıxlığı göz qabağındadır: futbol üzrə Olimpiya turniri iyulun 24-dən avqustun 10-dək, 2024-cü il Avropa çempionatının finalı isə iyulun 14-də keçiriləcək.
Son aylar cari mövsümün sonunda Mbappenin azad agent qismində PSJ-dən ayrılaraq İspaniya nəhəngi “Real”ın düşərgəsinə keçəcəyi ilə bağlı fəal məlumatlar yayılıb. “Kral klubu”nun prezidenti Florentino Peresin ulduz hücumçunun kluba gəlişi ilə bağlı artıq “qaymaqlılar”ın məşqçilər qərargahını da məlumatlandırdığı iddia edilir.
Xatırladaq ki, Kilian Mbappe 2018-ci ildən PSJ-də çıxış edir. Fransalı ulduz Paris klubuna həmin ilin iyulunda 180 milyon avro qarşılığında “Monako”dan keçib. Kilianın Fransa nəhəngi ilə cari müqaviləsi 2024-cü ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə ulduz hücumçu parislilərin heyətində bütün yarışlarda 35 oyuna çıxıb, 34 qol vurub, 7 məhsuldar ötürmə verib.
Mbappe hazırda kapitanı olduğu, 2017-ci ilin martında debüt etdiyi Fransa yığmasının heyətində 75 oyun keçirib. Hücumçu bu oyunlarda 46 qol vurub, 30 məhsuldar ötürmə verib. Kilian “xoruzlar”la 2018-ci ildə Rusiyada keçirilmiş dünya çempionatının (DÇ-2018) qalibi olub.
“Transfermarkt” internet-portalı 25 yaşlı fransalı hücumçunun transfer dəyərini 180 milyon avro məbləğində qiymətləndirir.
Bu məbləğ Mbappenin dünyanın 3 ən bahalı futbolçusundan biri olması deməkdir.


