Lionel Messi zədədən döndü, iştirak ərizəsinə salındı

“İnter Mayami” argentinalı ulduzu, hücumçu Lionel Messi bud zədəsindən sonra bərpa olaraq növbəti oyunun iştirak ərizəsinə daxil edilib.

Arena.az məlumat verir ki, “İnter Mayami” “X” sosial şəbəkəsindəki rəsmi hesabı üzərindən bu barədə məlumat paylaşıb:

“O, qayıtdı”, – “vağlar”ın mətbuat xidmətinin Messi ilə bağlı bəyanatında deyilir.

Xatırladaq ki, Messi zədə səbəbindən son üç həftəni yaşıl meydanlardan kənarda qalmışdı. Bərpa mərhələsini uğurla keçmiş “Leo” aprelin 2-də komandanın səhər məşqində gözə çarpıb.
“İnter Mayami” Messini aprelin 7-də MLS-in 7-ci turu çərçivəsində “Kolorado Repidz”lə keçiriləcək oyun üçün heyətə daxil etdiyini bəyan edib.

Lionel Messi 2023-cü ilin yayında PSJ-dən azad agent qismində “İnter Mayami”yə keçib. Hücumçunun amerikan klubu ilə müddəti 2025-ci ilin dekabr ayının sonuna qədər qüvvədə olacaq müqaviləsi var.

Argentinalı ulduz cari mövsümdə “İnter Mayami”nin heyətində bütün yarışlarda 5 oyuna çıxıb, 5 qol vurub və 2 məhsuldar ötürmə verib. Təcrübəli futbolçunun “İnter Mayami” karyerası ümumilikdə 19 oyun, 16 qol və 7 məhsuldar ötürmədən ibarətdir.

“Leo” hazırda kapitanı olduğu Argentina yığmasında 2005-ci il avqustun 17-də debüt edib. 18 il ərzində ulduz hücumçu yığmada 180 oyun keçirib, 106 qol vurub və 56 məhsuldar ötürmə verib. Bu göstəricilər üzrə “Leo” yığmanın mütləq rekordçusudur.

Argentinalı superulduz yığma ilə Yay Olimpiya Oyunlarının (2008), Amerika Kubokunun (2021), FIFA Dünya Kubokunun (2022), Çempionların CONMEBOL-UEFA Kubokunun (2022) qalibi olub. Həmçinin Messi dünya çempionatının gümüş (2014), Amerika Kubokunun gümüş (2007, 2015, 2016) mükafatçısı olub.

“Transfermarkt” internet-portalı 36 yaşlı Messinin transfer dəyərini 30 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: