CONCACAF Çempionlar Kubokunun 1/4 finalının cavab görüşündə “Monterrey”ə məğlub olmuş “İnter Mayami” yarışda mübarizəsinə xitam verib.
Arena.az məlumat verir ki, argentinalı ulduz hücumçu Lionel Messinin də heyətində yer aldığı “vağlar” səfərdə Meksika təmsilçisinə 1:3 hesabı ilə məğlub olublar.
İlk oyunda 2:1 hesablı qələbə qazanmış “Monterrey” ümumi hesabda 5:2 hesablı üstünlüklə növbəti mərhələyə adlayıb.
Xatırladaq ki, ilk oyunda Messi zədə səbəbindən iştirak etməsə də, cavab oyununda meydanda olub və tam oyun keçirərək, məhsuldar ötürmə ilə fərqlənib. Amma bu, “İnter Mayami”nin qələbəsi üçün yetərli olmayıb.
Oyunun 31-ci dəqiqəsində meydan sahiblərinin hücumçusu Brendon Vaskes hesabı açıb. 58-ci dəqiqədə onun hücumda tərəfdaşı Xerman Berterame “Monterrey”in üstünlüyünü artırıb. 64-cü dəqiqədə yarımmüdafiəçi Xesus Qalyardo “vağlar”ı yoluq hala salmış 3-cü qolu vurub. 78-ci dəqiqədə “İnter Mayami”, müdafiəçisi Jordi Albanın ikinci sarı vərəqəni görməsindən sonra azlıqda qalıb. 85-ci dəqiqədə Lionel Messinin ötürməsindən yarımmüdafiəçi Dieqo Qomes “İnter Mayami”nin təsəlli qolunu vurub – 1:3. Həmçinin vurğulayaq ki, “vağlar”ın uruqvaylı ulduz hücumçusu Luis Suares də əsas heyətdə meydana çıxıb və tam oyun keçirsə də, komandasının məğlubiyyətdən qurtara bilməyib.


