PSJ-nin fransalı ulduzu Kilian Mbappenin 2024-cü ilin yayında Parisdə keçiriləcək XXXIII Yay Olimpiya Oyunlarında iştirakı sual altındadır.
Arena.az “RMC Sport” dərgisinə istinadən məlumat verir ki, ulduz hücumçunun atası Vilfrid Mbappe bu barədə açıqlama verib:
“Nə olacağını bilmirəm, çünki qərar verən tək biz deyilik. Ancaq nə olursa olsun, o (Mbappe), bundan zövq alacaq, çünki Olimpiada burada (Parisdə) keçiriləcək”, deyə futbolçunun atası bildirib.
Xatırladaq ki, daha əvvəl mətbuatda, Kilian Mbappenin yayda qoşulacağı ehtimalının yüksək olduğu “Real”ın, ulduz futbolçunu Olimpiya Oyunlarına buraxmamaq qərarına gəldiyi barədə məlumat yayılmışdı. Vurğulanır ki, “qaymaqlılar” AÇ-2024-dən sonra “Real”ın baş tutacaq mövsümöncəsi turuna qədər Mbappenin dincəlməsini istəyirlər.
Kilian Mbappe 2018-ci ildən PSJ-də çıxış edir. Fransalı ulduz Paris klubuna həmin ilin iyulunda 180 milyon avro müqabilində “Monako”dan keçib. Kilianın Fransa nəhəngi ilə cari müqaviləsi 2024-cü ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə ulduz hücumçu parislilərin heyətində bütün yarışlarda 44 oyuna çıxıb, 43 qol vurub, 10 məhsuldar ötürmə verib.
Mbappenin PSJ-nin heyətində çıxışının ümumi mənzərəsi isə belədir: 304 oyun, 255 qol, 108 məhsuldar ötürmə.
Mbappe hazırda kapitanı olduğu, 2017-ci ilin martında debüt etdiyi Fransa yığmasının heyətində 77 oyun keçirib, 46 qol vurub və 31 məhsuldar ötürmə verib. Kilian “xoruzlar”la 2018-ci ildə Rusiyada keçirilmiş dünya çempionatının (DÇ-2018) qalibi olub.
“Transfermarkt” internet-portalı 25 yaşlı hücumçunun transfer dəyərini 180 milyon avro məbləğində qiymətləndirir. Bu məbləğ Mbappenin dünyanın 3 ən bahalı futbolçusundan biri olması deməkdir.


