Kilian Mbappe PSJ-dən ayrılacağını bəyan etdi

PSJ-nin və Fransa yğmasının ulduzu, mərkəz hücumçusu Kilian Mbappe Fransa nəhəngindən ayrılacağı haqda bəyan edib.

Arena.az məlumat verir ki, fransalı ulduz bu barədə özünün rəsmi “X” sosial şəbəkə hesabı üzərindən paylaşdığı video-müraciətində söhbət açıb:

“Hamınıza bildirmək istəyirəm ki, PSJ-də son mövsümümü keçirirəm. Mən müqaviləmi yeniləməyəcəyəm, ona görə də bu macəra bir neçə həftəyə bitəcək.

Gələn bazar günü “Park de Prens”də son oyunumu keçirəcəyəm. Çox duyğular keçirirəm, çünki Fransanın ən böyük, dünyanın ən yaxşı klublarından birini təmsil etmək imkanım və böyük şərəfim vardı. Mən bura gəldim və ilk təcrübəmi çox təzyiqli bir klubda yaşadım ki, bu da mənə bir oyunçu kimi tərəqqiyə kömək etdi. Mən tarixin ən yaxşı oyunçularının ətrafında olmuşam, onlardan bəziləri böyük çempionlardır. Mən bir çox insanın ətrafında olmuşam, şöhrət qazanaraq və səhvlər edərək, kişi kimi böyümüşəm.

İlk növbədə, əlbəttə ki, komanda yoldaşlarıma, bütün məşqçilərə: Unai Emeri, Tomas Tuxel, Maurisio Poçettino, Kristof Qaltye və Luis Enrike, eləcə də idman direktorları Leonardo və Luis Kamposa həmişə məni müşayiət etdikləri üçün təşəkkür edirəm.

Klubda pərdə arxasında olan bütün insanlara təşəkkür edirəm. Bunlar klub üçün hər şeyi verən gözəl insanlardır, tanınmağa layiqdirlər. Kənarda baş verən hər şeyə rəğmən, bəzən klubu əhatə edən mətbuat buluduna rəğmən, klubu həqiqətən sevən və onu qorumaq və uğur qazandırmaq istəyən insanlar var. Bu isə gözəldir. Bilirəm ki, onlarla birlikdə klub etibarlı əllərdədir.

“PSJ ilə müqavilə bağladığım üçün heç vaxt peşman olmadım”

Bu, çox çətindir. PSJ-dən ayrılıb Fransanı tərk etmək qərarımı açıqlamağın bu qədər çətin olacağını düşünməzdim. Liqa 1 – o çempionatdır ki, həmişə tanıyıb-bilmişəm, amma əminəm ki, mənə yeni çağırış gərəkdir.

Azarkeşlərə təşəkkür etmək istərdim. Bilirəm ki, mən ən nümayişkaranə oyunçu deyiləm, yeddi il ərzində mənə bəxş etdiyiniz sevgini həmişə doğrultmamışam. Amma heç vaxt aldatmaq istəmirdim, həmişə oynamaq istəyirdim.

PSJ heç kəsi biganə qoymayan klubdur. Biz onu sevə bilərik və ya nifrət edə bilərik – mən onu sevməyə qərar verdim və yeddi il ərzində belə etdim. Eniş-yoxuşlar oldu, amma bu nüfuzlu klubla müqavilə bağladığım üçün heç vaxt peşman olmadım. Bu, ömrümün sonuna qədər xatirimdə saxlayacağım komandadır və ömrümün sonuna qədər, burada oynamaq imkanımın olduğunu hamıya deyəcəyəm. Həmişə PSJ-nin oyunlarını izləyəcəyəm və xəbərlərlə maraqlanacağam. Mənim güclü və zəif tərəflərim vardı, amma bu yeddi il ərzində özümü ən yaxşı surətdə göstərməyə çalışdım.
Sizə təşəkkür etmək istəyirəm. Sizsiz, yaşadığım duyğuların yarısını belə, yaşaya bilməzdim. Hər kəsə təşəkkürlər! Ümidvaram ki, mövsümü kubokla başa vuracağıq. Yaxşı vaxt keçirəcəyik və bütün bunların hamısı mənim qəlbimdə qalacaq. Əlvida Paris!”, deyə Mbappe duyğusalcasına bildirib.

PSJ tarixinin ən sərrast futbolçusu!

Kilian Mbappe futbola Fransanın “Bondi” klubunda qədəm qoyub. Ardınca “Klerfonten”ə keçib, oradan isə “Monako”ya yol tapıb və böyük futbolda məhz “Monako” ilə debüt edib. 2015-2018-ci illərdə Knyazlıq klubunun əsas komandasında çıxış etmiş Mbappe, 2018-ci ilin iyulunda 180 milyon avro müqabilində PSJ-nin düşərgəsinə keçib.

Mbappenin Fransa nəhəngi ilə cari müqaviləsi cari ilin iyun ayının sonunda başa çatacaq və artıq məlum olduğu kimi, fransalı ulduz azad agent qismində İspaniya nəhəngi “Real”a qoşulacaq.

Cari mövsümdə Mbappe PSJ-nin heyətində bütün yarışlarda 46 oyuna çıxıb, 43 qol vurub, 10 məhsuldar ötürmə verib. Mbappenin Paris klubunun heyətində çxışının ümumi mənzərəsi isə belədir: 306 oyun, 255 qol, 108 məhsuldar ötürmə. Vurduğu 255 qolla Mbappe PSJ tarixinin ən sərrast futbolçusudur.

Kilian Mbappe hazırda kapitanı olduğu, 2017-ci ilin martında debüt etdiyi Fransa yığmasının heyətində 77 oyun keçirib, 46 qol vurub və 31 məhsuldar ötürmə verib. Kilian “xoruzlar”la 2018-ci ildə Rusiyada keçirilmiş dünya çempionatının (DÇ-2018) və UEFA Millətlər Liqasının (2021) qalibi olub.

Klub səviyyəsində Mbappe PSJ ilə 7 dəfə Fransa Liqa 1-in, 3 dəfə Fransa Kubokunun, 2 dəfə Fransa Liqa Kubokunun, 3 dəfə Fransa Super Kubokunun qalibi olub, həmçinin fransalı ulduz hücumçu dəfələrlə müxtəlif fərdi mükafatlara layiq görülüb.

“Transfermarkt” internet-portalı 25 yaşlı fransalı mərkəz hücumçusu Kilian Mbappenin transfer dəyərini 180 milyon avro məbləğində qiymətləndirir. Bu məbləğ Mbappenin dünyanın 3 ən bahalı futbolçusundan biri olması deməkdir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: