PSJ-nin baş məşqçisi Luis Enrike fransız hücumçu Kilian Mbappenin bu mövsümün sonunda Paris klubundan ayrılmaq qərarına münasibət bildirib.
Arena.az xəbər verir ki, ispan mütəxəssis ulduz futbolçunun mayın 10-da ictimailəşdirdiyi vida videomüraciəti ilə bağlı bunları söyləyib:
“Mən Mbappe və qardaşı haqqında yalnız yaxşısından danışa bilərəm. Onun qərarını başa düşürəm. O, burada yeddi il keçirib, o, klubun əfsanəsidir. Mbappe hər şeyi PSJ-yə verdi. Hələ hara gedəcəyini deməyib, amma məncə, bu, aydındır. Onun komandada olması böyük şərəfdir. Ona ən yaxşısını arzulayıram. PSJ irəliləməyə davam etməlidir”, deyə Luis Enrike vurğulayıb.
Kilian Mbappe futbola Fransanın “Bondi” klubunda qədəm qoyub. Ardınca “Klerfonten”ə keçib, oradan isə “Monako”ya yol tapıb və böyük futbolda məhz “Monako” ilə debüt edib. 2015-2018-ci illərdə Knyazlıq klubunun əsas komandasında çıxış etmiş Mbappe, 2018-ci ilin iyulunda 180 milyon avro müqabilində PSJ-nin düşərgəsinə keçib.
Mbappenin Fransa nəhəngi ilə cari müqaviləsi cari ilin iyun ayının sonunda başa çatacaq. Fransalı ulduz azad agent qismində İspaniya nəhəngi “Real”a qoşulacaq.
Cari mövsümdə Mbappe PSJ-nin heyətində bütün yarışlarda 46 oyuna çıxıb, 43 qol vurub, 10 məhsuldar ötürmə verib. Mbappenin Paris klubunun heyətində çxışının ümumi mənzərəsi isə belədir: 306 oyun, 255 qol, 108 məhsuldar ötürmə. Vurduğu 255 qolla Mbappe PSJ tarixinin ən sərrast futbolçusudur.
Kilian Mbappe hazırda kapitanı olduğu, 2017-ci ilin martında debüt etdiyi Fransa yığmasının heyətində 77 oyun keçirib, 46 qol vurub və 31 məhsuldar ötürmə verib. Kilian “xoruzlar”la 2018-ci ildə Rusiyada keçirilmiş dünya çempionatının (DÇ-2018) və UEFA Millətlər Liqasının (2021) qalibi olub.
Klub səviyyəsində Mbappe PSJ ilə 7 dəfə Fransa Liqa 1-in, 3 dəfə Fransa Kubokunun, 2 dəfə Fransa Liqa Kubokunun, 3 dəfə Fransa Super Kubokunun qalibi olub, həmçinin fransalı ulduz hücumçu dəfələrlə müxtəlif fərdi mükafatlara layiq görülüb.
“Transfermarkt” internet-portalı 25 yaşlı fransalı mərkəz hücumçusu Kilian Mbappenin transfer dəyərini 180 milyon avro məbləğində qiymətləndirir. Bu məbləğ Mbappenin dünyanın 3 ən bahalı futbolçusundan biri olması deməkdir.


