Fransa Liqa 1-in 33-cü turunda “Tuluza”ya qarşı oyun PSJ-nin fransalı ulduzu, hücumçu Kilian Mbappe üçün xoşagələz məqamla yadda qalıb.
Arena.az məlumat verir ki, Mbappe oyunun 8-ci dəqiqəsində hesabı açsa da, qonaqlar Paris səfərindən 3:1 hesablı əzmkar qələbə ilə geri dönüblər.
Üstəlik, “Park de Prens” tribunalarının bir qismi Mbappeni zildən fitə basıb. Vurğulayaq ki, bu oyun fransalı ulduzun Fransa nəhənginin heyətində doğma meydanda sonuncu oyunu kimi əlamətdar olub.
Xatırladaq ki, mayın 10-da fransalı ulduz cari mövsümün sonunda Fransa nəhənginin düşərgəsini tərk edəcəyini sosial şəbəkə üzərindən yayımladığı videomüraciətində açıqlamışdı. Mbappe hansı kluba keçəcəyini bildirməsə də, mətbuat “görünən kəndə nə bələdçi?” misalı üzərindən, bu klubun “Real” olduğunu artıq əminliklə qeyd edir.
Əlavə edək ki, tribunaların bir qisminin Mbappeyə xoşagəlməz münasibətinə rəğmən, digər qismi sevimli futbolçusunun şərəfinə iri lövhə açaraq, Mbappeyə təşəkkürünü və sayğısını ifadə edib.
Mbappenin PSJ karyerası
Kilian Mbappe futbola Fransanın “Bondi” klubunda qədəm qoyub. Ardınca “Klerfonten”ə keçib, oradan isə “Monako”ya yol tapıb və böyük futbolda məhz “Monako” ilə debüt edib. 2015-2018-ci illərdə Knyazlıq klubunun əsas komandasında çıxış etmiş Mbappe, 2018-ci ilin iyulunda 180 milyon avro müqabilində PSJ-nin düşərgəsinə keçib.
Mbappenin Fransa nəhəngi ilə cari müqaviləsi cari ilin iyun ayının sonunda başa çatacaq və artıq məlum olduğu kimi, fransalı ulduz azad agent qismində İspaniya nəhəngi “Real”a qoşulacaq.
Cari mövsümdə Mbappe PSJ-nin heyətində bütün yarışlarda 47 oyuna çıxıb, 44 qol vurub, 10 məhsuldar ötürmə verib. Mbappenin Paris klubunun heyətində çxışının ümumi mənzərəsi isə belədir: 307 oyun, 256 qol, 108 məhsuldar ötürmə. Vurduğu 255 qolla Mbappe PSJ tarixinin ən sərrast futbolçusudur.
Kilian Mbappe hazırda kapitanı olduğu, 2017-ci ilin martında debüt etdiyi Fransa yığmasının heyətində 77 oyun keçirib, 46 qol vurub və 31 məhsuldar ötürmə verib. Kilian “xoruzlar”la 2018-ci ildə Rusiyada keçirilmiş dünya çempionatının (DÇ-2018) və UEFA Millətlər Liqasının (2021) qalibi olub.
Klub səviyyəsində Mbappe PSJ ilə 7 dəfə Fransa Liqa 1-in, 3 dəfə Fransa Kubokunun, 2 dəfə Fransa Liqa Kubokunun, 3 dəfə Fransa Super Kubokunun qalibi olub, həmçinin fransalı ulduz hücumçu dəfələrlə müxtəlif fərdi mükafatlara layiq görülüb.
“Transfermarkt” internet-portalı 25 yaşlı fransalı mərkəz hücumçusu Kilian Mbappenin transfer dəyərini 180 milyon avro məbləğində qiymətləndirir. Bu məbləğ Mbappenin dünyanın 3 ən bahalı futbolçusundan biri olması deməkdir.


