“İnter Mayami”nin baş məşqçisi Xerardo Martino “vağlar”ın argentinalı hücumçusu Lionel Messinin səhhəti barədə söhbət açıb.
Arena.az xatırladır ki, “Leo” zədə səbəbindən “İnter Mayami”nin MLS müntəzəm mövsümü çərçivəsində “Orlando Siti” ilə səfər oyununu (0:0) buraxmalı olub.
“Tata” ləqəbi ilə tanınan argentinalı mütəxəssis Xerardo Martino həmyerlisi, 36 yaşlı veteran hücumçunun yaşına göz yummağın vacib amil olmasını qabardıb:
“Orlando Siti” ilə oyunda o, təkcə dizindəki zədəyə görə oynamadı. Ona istirahət vermək niyyətim yox idi. Özünü yaxşı hiss edirdi, amma sonra zədələndi və ayağını tam tərpədə bilmədi ki, bu da onu narahat etdi. Zədə hələ keçməyib. Zədələnmiş yerə toxunmaq onun üçün xoşagəlməzdir.
Əlbəttə, hər bir futbolçuda olduğu kimi onun yaşını və fiziki bədən quruluşunu nəzərə alırıq. Açığı, Messinin yaşı nəzərə alınmalı olan amildir. Bununla belə, hər kəs fiziki yüklənmə ilə üzləşə bilər”, – “Goal” dərgisi Martinodan sitat gətirir.
Lionel Messi “İnter Mayami”nin düşərgəsinə 2023-cü ilin yayında PSJ-dən azad agent qismində keçib.
Ulduz hücumçunun amerikan klubu ilə müddəti 2025-ci ilin dekabr ayının sonuna qədər qüvvədə olacaq müqaviləsi var.
Argentinalı ulduz cari mövsümdə “İnter Mayami”nin heyətində bütün yarışlarda 12 oyuna çıxıb, 12 qol vurub və 11 məhsuldar ötürmə verib. Təcrübəli futbolçunun “İnter Mayami” karyerası ümumilikdə 26 oyun, 23 qol və 16 məhsuldar ötürmədən ibarətdir.
“Leo” hazırda kapitanı olduğu Argentina yığmasında 2005-ci il avqustun 17-də debüt edib. 18 il ərzində ulduz hücumçu yığmada 180 oyun keçirib, 106 qol vurub və 56 məhsuldar ötürmə verib. Bu göstəricilər üzrə “Leo” yığmanın mütləq rekordçusudur.
“Transfermarkt” internet-portalı 36 yaşlı Messinin transfer dəyərini 30 milyon avro məbləğində qiymətləndirir.


