Kilian Mbappe 250 nəfərlik vida şam yeməyi təşkil etdi

PSJ-nin fransalı ulduz hücumçusu Kilian Mbappe klubdan ayrılması münasibətilə Parisin mərkəzində 250 nəfərlik vida şam yeməyi təşkil edib.

Arena.az bu barədə “Le Parisien” dərgisinə istinadən məlumat verir.

Dəvətlilər arasında Fransa prezidenti Emmanuel Makron da olub.

Şam yeməyi ərəfəsində ulduz futbolçu qonaqlara müraciətlə nitq söyləyib:

“Biz burada bir ailə kimiyik. Mən buradakı bütün insanları çox əziz hesab edirəm, ona görə də hər kəsə danışmaq, ürəyimi açmaq mənim üçün asan olacaq…

Heç bir xüsusi ismarışım yoxdur. Siz həqiqətən ürəkdən təşəkkür etmək istədiyim insanlarsınız. Əgər Siz buradasınızsa, bu, ona görədir ki, hansısa məqamda həyatıma təsir etmisiniz”, – “Madrid Universal” dərgisi Mbappedən sitat gətirir.

Xatırladaq ki, mətbuatda, 2024-cü ilin yayında Kilain Mbappenin Paris klubu ilə müqaviləsi başa çataqdıqdan sonra azad agent qismində “Real”a keçəcəyi haqda məlumat var. Bildirilir ki, Mbappe “qaymaqlılar”la 5 illik müqavilə imzalayacaq. Kilain Mbappe “Real”da ildə 15 milyon avro məbləğində maaş alacaq ki, bu da ulduz futbolçunun PSJ-də aldığı maaşdan azdır. Bu halda fransalı ulduzun 150 milyon avro məbləğində imza üstəliyi almaq hüququ var.

“Real”la 5 illik müqavilə

Bundan əvvəl mətbuatda, Mbappenin artıq “Real”la müddəti 2029-cu ilə qədər qüvvədə olacaq müqavilə imzaladığı barədə məlumatlar yayılmışdı. Öz növbəsində, “Kral klubu”nun prezidenti Florentino Peresin “Real”ın baş məşqçisi Karlo Ançelottinin məşqçilər qərargahına Mbappenim “qaymaqlılar”ın yeni oyunçusu olacağı barədə məlumat verdiyi vurğulanır.

Kilian Mbappe futbola Fransanın “Bondi” klubunda qədəm qoyub. Ardınca “Klerfonten”ə keçib, oradan isə “Monako”ya yol tapıb və böyük futbolda məhz “Monako” ilə debüt edib. 2015-2018-ci illərdə Knyazlıq klubunun əsas komandasında çıxış etmiş Mbappe, 2018-ci ilin iyulunda 180 milyon avro müqabilində PSJ-nin düşərgəsinə keçib.

Cari mövsümdə Mbappe PSJ-nin heyətində bütün yarışlarda 47 oyuna çıxıb, 44 qol vurub, 10 məhsuldar ötürmə verib. Mbappenin Paris klubunun heyətində çxışının ümumi mənzərəsi isə belədir: 307 oyun, 256 qol, 108 məhsuldar ötürmə.

Vurduğu 255 qolla Mbappe PSJ tarixinin ən sərrast futbolçusudur.

Mbappe hazırda kapitanı olduğu, 2017-ci ilin martında debüt etdiyi Fransa yığmasının heyətində 77 oyun keçirib, 46 qol vurub və 31 məhsuldar ötürmə verib. Kilian “xoruzlar”la 2018-ci ildə Rusiyada keçirilmiş dünya çempionatının (DÇ-2018) və UEFA Millətlər Liqasının (2021) qalibi olub.

Klub səviyyəsində Mbappe PSJ ilə 7 dəfə Fransa Liqa 1-in, 3 dəfə Fransa Kubokunun, 2 dəfə Fransa Liqa Kubokunun, 3 dəfə Fransa Super Kubokunun qalibi olub, həmçinin fransalı ulduz hücumçu dəfələrlə müxtəlif fərdi mükafatlara layiq görülüb.

“Transfermarkt” internet-portalı 25 yaşlı hücumçunun transfer dəyərini 180 milyon avro məbləğində qiymətləndirir. Bu məbləğ Mbappenin dünyanın 3 ən bahalı futbolçusundan biri olması deməkdir.

Xəbəri sosial şəbəkələrdə paylaş: