Polşa yığmasının mərkəz hücumçusu Robert Levandovski 2024-cü il Avropa çempionatında qələbəyə əsas namizədin adını açıqlayıb.
Arena.az İspaniyanın “Barselona” klubunda çıxış edən polyak futbolçunun bu barədə fikirlərini təqdim edir:
“Fransa favoritdirmi? Bəli. Bəlkə də İngiltərə və Portuqaliya ilə birlikdə. Amma qələbəyə əsas iddiaçı Fransadır”, deyə Levandovski vurğulayıb.
Robert Levandovski “Barselona”ya 2022-ci ilin iyulunda 45 milyon avro müqabilində “Bayern”dən keçib. Tərəflər arasında müqavilə daha 1 il müddətinə uzadılması inkanı ilə 2026-cı il iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə polyak hücumçu “Barselona”nın heyətində bütün yarışlarda 48 oyuna çıxıb, 25 qol vurub, 9 məhsuldar ötürmə verib. Levandovskinin “blauqrana”nın heyətində çıxışı rəqəmlərin gözü ilə belə təsvir yaradır: 94 oyun, 58 qol, 17 məhsuldar ötürmə.
Təcrübəli hücumçu karyerası ərzində “Borussiya” (Dortmund), “Lex” (Poznan), “Zniç”, “Legiya” (Varşava) və “Delta” komandalarında da çıxış edib.
Robert Levandovski hazırda kapitanı olduğu və 2008-ci ilin sentyabr ayında debüt etdiyi Polşa yığmasının heyətində 148 oyun keçirib. O, bu oyunlarda 82 qol vurub, 31 məhsuldar ötürmə verib. Robert hər iki göstərici üzrə Polşa yığma komandasının mütləq rekordçusudur.
“Transfermarkt” internet-portalı 35 yaşlı polyak hücumçunun transfer dəyərini 15 milyon avro məbləğində qiymətləndirir.


