PSJ-nin baş məşqçisi Luis Enrike fransalı ulduz hücumçu Kilian Mbappenin təşkil etdiyi vida şam yeməyinə buyurmayıb.
Arena.az “Le Parisien” nəşrinə istinadən məlumat verir ki, ispan mütəxəssis PSJ-nin Mbappenin məclisinə gəlməmiş yeganə nümayəndəsi olub.
Mənbənin məlumatına görə, ispan mütəxəssis şam yeməyi məclisindən sonra ertəsi gün, komandanın iki oyunçusunu – o cümlədən adı açıqlanmayan, əsas heyətin bir futbolçusunu məşqdən kənarlaşdırıb. Luis Enrike bu iki oyunçuda şam yeməyindən sonra təzahür etmiş bəzi əlamətləri müşahidə etdiyini əsas gətirib. Bundan əvvəl mətbuatda, Kilian Mbappe ilə Luis Enrike arasında mövsüm ərzində mütəmadi olaraq münaqişələrin yaşanması barədə məlumat yayılırdı.
Xatırladaq ki, mətbuatda, 2024-cü ilin yayında Kilian Mbappenin Paris klubu ilə müqaviləsi başa çataqdıqdan sonra azad agent qismində “Real”a keçəcəyi haqda məlumat var.
Kilian Mbappe futbola Fransanın “Bondi” klubunda qədəm qoyub. Ardınca “Klerfonten”ə keçib, oradan isə “Monako”ya yol tapıb və böyük futbolda məhz “Monako” ilə debüt edib. 2015-2018-ci illərdə Knyazlıq klubunun əsas komandasında çıxış etmiş Mbappe, 2018-ci ilin iyulunda 180 milyon avro müqabilində PSJ-nin düşərgəsinə keçib.
Cari mövsümdə Mbappe PSJ-nin heyətində bütün yarışlarda 47 oyuna çıxıb, 44 qol vurub, 10 məhsuldar ötürmə verib. Mbappenin Paris klubunun heyətində çxışının ümumi mənzərəsi isə belədir: 307 oyun, 256 qol, 108 məhsuldar ötürmə.
Vurduğu 256 qolla Mbappe PSJ tarixinin ən sərrast futbolçusudur.
Mbappe hazırda kapitanı olduğu, 2017-ci ilin martında debüt etdiyi Fransa yığmasının heyətində 77 oyun keçirib, 46 qol vurub və 31 məhsuldar ötürmə verib. Kilian “xoruzlar”la 2018-ci ildə Rusiyada keçirilmiş dünya çempionatının (DÇ-2018) və UEFA Millətlər Liqasının (2021) qalibi olub.
Klub səviyyəsində Mbappe PSJ ilə 7 dəfə Fransa Liqa 1-in, 3 dəfə Fransa Kubokunun, 2 dəfə Fransa Liqa Kubokunun, 3 dəfə Fransa Super Kubokunun qalibi olub, həmçinin fransalı ulduz hücumçu dəfələrlə müxtəlif fərdi mükafatlara layiq görülüb.
“Transfermarkt” internet-portalı 25 yaşlı hücumçunun transfer dəyərini 180 milyon avro məbləğində qiymətləndirir. Bu məbləğ Mbappenin dünyanın 3 ən bahalı futbolçusundan biri olması deməkdir.


