Kilian Mbappe PSJ-də son oyunu və son qəniməti haqda danışdı

PSJ-nin hücumçusu Kilian Mbappe Fransa nəhənginin heyətində sonuncu oyunu və sonuncu qəniməti haqda duyğusal söhbət açıb.

Arena.az məlumat verir ki, Fransa Kubokunun finalında Lion “Olimpik”inə qarşı oyun (2:1) Mbappe üçün PSJ-nin heyətində sonuncu olub.

“İki-üç ildir ki, bu kuboku qazanmırıq. O bizimdir, bizə, futbolçulara, azarkeşlərə çox əzizdir. İndi PSJ bu yarışın rekordçusudur. Əla silsilə idi, demək olar ki, bütün böyük komandalarla oynadıq və inamlı qələbə qazandıq. Ümumilikdə əla axşam və əla mövsüm oldu. Ümidvaram ki, uşaqlar PSJ-nin qayğısına qalmağa davam edəcəklər və bu möhtəşəm klubun uğurlarını davam etdirəcəklər. Ümid edirəm ki, daha çox gənc, istedadlı oyunçular özlərini burada tanıtmaq istəyəcəklər.

Son illər haqqında çox düşünürəm. Hər şeyin bitdiyini düşünəndə ürəyim parçalanır. Burada olanı başqa heç yerdə tapa bilmərəm. Amma qarşıda məni fantastik bir məqam gözləyir”.

Vurğulayaq, oyundan sonra komanda yoldaşları Mbappeni qucaqlarına alaraq havada atıb-tutblar, alqışlayıb hörmətlə yola salıblar.

Sonuncu oyunundan sonra isə Mbappe özünün sosial “X” sosial şəbəkə hesabı üzərindən Fransa nəhənginin heyətində qazandığı sonuncu qənimətinə dair qısa, duyğsal kəlmə dərc edib: “Sonuncu…”, – fransalı ulduz paylaşıb.

307 oyun, 256 qol, 108 məhsuldar ötürmə

Xatırladaq ki, daha əvvəl, Kilian Mbappe cari mövsümün bitməsilə Fransa nəhəngindən ayrılacağı haqda videomüraciətlə çıxış edib. Mətbuatda isə 2024-cü ilin yayında Kilian Mbappenin Paris klubu ilə müqaviləsi başa çataqdıqdan sonra azad agent qismində “Real”a keçəcəyi haqda məlumat var. Bildirilir ki, Mbappe “qaymaqlılar”la 5 illik müqavilə imzalayacaq. Kilian “Real”da ildə 15 milyon avro məbləğində maaş alacaq ki, bu da ulduz futbolçunun PSJ-də aldığı maaşdan azdır. Bu halda fransalı ulduzun 150 milyon avro məbləğində imza üstəliyi almaq hüququ var.

Kilian Mbappe futbola Fransanın “Bondi” klubunda qədəm qoyub. Ardınca “Klerfonten”ə keçib, oradan isə “Monako”ya yol tapıb və böyük futbolda məhz “Monako” ilə debüt edib. 2015-2018-ci illərdə Knyazlıq klubunun əsas komandasında çıxış etmiş Mbappe, 2018-ci ilin iyulunda 180 milyon avro müqabilində PSJ-nin düşərgəsinə keçib.

Cari mövsümdə Mbappe PSJ-nin heyətində bütün yarışlarda 47 oyuna çıxıb, 44 qol vurub, 10 məhsuldar ötürmə verib. Mbappenin Paris klubunun heyətində çxışının ümumi mənzərəsi isə belədir: 307 oyun, 256 qol, 108 məhsuldar ötürmə.

Vurduğu 256 qolla Mbappe PSJ tarixinin ən sərrast futbolçusudur.

Mbappe hazırda kapitanı olduğu, 2017-ci ilin martında debüt etdiyi Fransa yığmasının heyətində 77 oyun keçirib, 46 qol vurub və 31 məhsuldar ötürmə verib. Kilian “xoruzlar”la 2018-ci ildə Rusiyada keçirilmiş dünya çempionatının (DÇ-2018) və UEFA Millətlər Liqasının (2021) qalibi olub.

Klub səviyyəsində Mbappe PSJ ilə 7 dəfə Fransa Liqa 1-in, 3 dəfə Fransa Kubokunun, 2 dəfə Fransa Liqa Kubokunun, 3 dəfə Fransa Super Kubokunun qalibi olub, həmçinin fransalı ulduz hücumçu dəfələrlə müxtəlif fərdi mükafatlara layiq görülüb.

“Transfermarkt” internet-portalı 25 yaşlı hücumçunun transfer dəyərini 180 milyon avro məbləğində qiymətləndirir. Bu məbləğ Mbappenin dünyanın 3 ən bahalı futbolçusundan biri olması deməkdir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: