Kuman açıqladı: Depay “Atletiko”dan gedir

Niderland yığmasının baş məşqçisi Ronald Kuman “Atletiko”nun hücumçusu Memfis Depayın bu yay Madrid klubunu tərk edəcəyini açıqlayıb.

Arena.az niderlandlı mütəxəssisin həmyerlisinin aqibəti barədə dediklərini təqdim edir:

“Bəli, Depay yayda yeni klub axtaracaq”, deyə Kuman bildirib.

Xatırladaq ki, Memfis Depay 2023-cü ilin yanvar ayında İspaniyanın digər klubu “Barselona”dan 3 milyon avro qarşılığında “Atletiko”ya keçmişdi. Onun Madrid klubu ilə mövcud müqaviləsinin müddəti 2025-ci ilin 30 iyununa kimidir. Amma klub niderlandlı oyunçusunu daha bir mövsüm heyətdə saxlamaq istəmir. Bu üzdən də Depay bu yay özünə yeni klub tapmalı olacaq.

Memfis Depay “Atletiko”nun heyətində bütövlükdə 31 oyuna çıxıb. O, bu oyunlarda 9 qol və 2 məhsuldar ötürmə müəllifi olub.

Depay daha öncə ölkəsində PSV-nin, Fransada Lion “Olimpik”inin, İngiltərədə “Mançester Yunayted”in, İspaniyada “Barselona”nın da uğurları üçün çalışıb. O, 2013-cü ilin oktyabr ayında debüt etdiyi Niderland milli komandasında 90 oyuna çıxıb, 44 qola imza atıb, 30 məhsuldar ötürmə müəllifi olub.

“Transfermarkt” internet-portalı 30 yaşlı hücumçunun transfer dəyərini 12 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: