Kilian Mbappe ÇL-in finalında kimə azarkeşlik edəcək?

PSJ-nin fransalı ulduz hücumçusu Kilian Mbappe Çempionlar Liqasının finalına sadəcə baxacağını, azarkeşlik etməyəcəyini bildirib.

Arena.az xatırladır ki, Çempionlar Liqasının cari mövsümünün finalında “Real” və Dortmund “Borussiya”sı qarşılaşacaqlar.

“Xeyr, mən heç kimə köklənməyəcəyəm. Mən də sizin kimi, finala baxacağam. Futbolu sevirsənsə, hər oyunu izləyirsiniz. İmkan düşdükcə hər oyuna – Fransa, İngiltərə, İspaniya, Almaniya, İtaliya çempionatlarına baxıram. Hər liqaya. Ona görə də əlbəttə ki, Çempionlar Liqasına da baxacağam.

Çempionlar Liqasını qazanmaq üçün daha çox imkanım olacaq, amma düşünürəm ki, bu taleyin hökmü ilə baş verəcək. Bir neçə dəfə qalib gəlməyə yaxınlaşdıq… Bu, futbolun bir hissəsidir. İndi mən Parisdə keçirdiyim vaxt və bu klubda baş verən hər şeylə bağlı yalnız xoş hissləri və yalnız xoş xatirələri saxlamaq, təfərrüatı isə unutmamaq istəyirəm”.

Kilian Mbappe futbola Fransanın “Bondi” klubunda qədəm qoyub. Ardınca “Klerfonten”ə keçib, oradan isə “Monako”ya yol tapıb və böyük futbolda məhz “Monako” ilə debüt edib.

2015-2018-ci illərdə Knyazlıq klubunun əsas komandasında çıxış etmiş Mbappe, 2018-ci ilin iyulunda 180 milyon avro müqabilində PSJ-nin düşərgəsinə keçib.

Cari mövsümdə Mbappe PSJ-nin heyətində bütün yarışlarda 47 oyuna çıxıb, 44 qol vurub, 10 məhsuldar ötürmə verib. Mbappenin Paris klubunun heyətində çxışının ümumi mənzərəsi isə belədir: 307 oyun, 256 qol, 108 məhsuldar ötürmə.

Vurduğu 256 qolla Mbappe PSJ tarixinin ən sərrast futbolçusudur.

Mbappe hazırda kapitanı olduğu, 2017-ci ilin martında debüt etdiyi Fransa yığmasının heyətində 77 oyun keçirib, 46 qol vurub və 31 məhsuldar ötürmə verib. Kilian “xoruzlar”la 2018-ci ildə Rusiyada keçirilmiş dünya çempionatının (DÇ-2018) və UEFA Millətlər Liqasının (2021) qalibi olub.

Klub səviyyəsində Mbappe PSJ ilə 7 dəfə Fransa Liqa 1-in, 3 dəfə Fransa Kubokunun, 2 dəfə Fransa Liqa Kubokunun, 3 dəfə Fransa Super Kubokunun qalibi olub, həmçinin dəfələrlə müxtəlif fərdi mükafatlara layiq görülüb.

“Transfermarkt” internet-portalı 25 yaşlı hücumçunun transfer dəyərini 180 milyon avro məbləğində qiymətləndirir.

Xatırladaq ki, Fransa nəhəngindən ayrılan Mbappenin azad agent qismində “Real”a keçəcəyi gözlənilir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: