Lionel Messi qol vursa da, “İnter Mayami” heç-heçə ilə barışdı

Futbol üzrə Argentina yığma komandasının ulduz hücumçusu Lionel Messi ABŞ təmsilçisi “İnter Mayami” ilə növbəti oyununa çıxıb.

Arena.az məlumat verir ki, Mayami təmsilçisi MLS-də müntəzəm mövsümün növbəti oyunu çərçivəsində evdə “Sent-Luis Siti”ni qəbul edib.

Ulduz futbolçu “vağlar”ın qollarından birini vurub, amma bu, qələbə üçün yetərli olmayıb. “İnter Mayami” bu oyunun yekununda 3:3 hesablı heç-heçə ilə barışmalı olub.

18 oyundan 35 xalla “İnter Mayami” MLS-in yarış cədvəlində şərti liderliyini sürdürür. “Sent-Luis Siti” isə 15 oyundan 17 xala 23-cü pillədədir.

Lionel Messi “İnter Mayami”nin düşərgəsinə 2023-cü ilin yayında PSJ-dən azad agent qismində keçib. Ulduz hücumçunun amerikan klubu ilə müddəti 2025-ci ilin dekabr ayının sonuna qədər qüvvədə olacaq müqaviləsi var.

Argentinalı ulduz cari mövsümdə “İnter Mayami”nin heyətində bütün yarışlarda 15 oyuna çıxıb, 14 qol vurub və 11 məhsuldar ötürmə verib. Təcrübəli futbolçunun “İnter Mayami” karyerası ümumilikdə 29 oyun, 25 qol və 16 məhsuldar ötürmədən ibarətdir.

“Leo” hazırda kapitanı olduğu Argentina yığmasında 2005-ci il avqustun 17-də debüt edib. 18 il ərzində ulduz hücumçu yığmada 180 oyun keçirib, 106 qol vurub və 56 məhsuldar ötürmə verib. Bu göstəricilər üzrə “Leo” yığmanın mütləq rekordçusudur.

Argentinalı superulduz yığma ilə Yay Olimpiya Oyunlarının (2008), Amerika Kubokunun (2021), FIFA Dünya Kubokunun (2022), Çempionların CONMEBOL-UEFA Kubokunun (2022) qalibi olub. Həmçinin Messi dünya çempionatının gümüş (2014), Amerika Kubokunun gümüş (2007, 2015, 2016) mükafatçısı olub.

“Transfermarkt” internet-portalı 36 yaşlı Messinin transfer dəyərini 30 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: