Kilian Mbappe rəsmən “Real”da!

PSJ-dən ayrılan Fransa millisinin hücumçusu Kilian Mbappe gözlənildiyi kimi İspaniya nəhəngi “Real”la müqavilə bağlayıb.

Arena.az xəbər verir ki, bu barədə Madrid təmsilçisi rəsmi saytı vasitəsilə məlumat yayıb.

25 yaşlı fransalı hücumçu ilə 5 illik müqavilə imzalanıb. O, Madrid təmsilçisinə azad agent kimi keçib.

Mbappe bu transferinə belə şərh verib: “Bir xəyal gerçəkləşdi. Xəyal etdiyim “Real”a qoşulmaqdan çox xoşbəxt və qürurluyam. İndi nə qədər həyəcanlı olduğumu heç kim başa düşə bilməz. Madridistalar, sizi görməyə səbirsizlənirəm və inanılmaz dəstəyinizə görə təşəkkür edirəm. İrəli, “Real”!

Xatırladaq ki, Kilian Mbappe futbola Fransanın “Bondi” klubunda qədəm qoyub. Ardınca “Klerfonten”ə keçib, oradan isə “Monako”ya yol tapıb və böyük futbolda məhz “Monako” ilə debüt edib.

2015-2018-ci illərdə Knyazlıq klubunun əsas komandasında çıxış etmiş Mbappe, 2018-ci ilin iyulunda 180 milyon avro müqabilində PSJ-nin düşərgəsinə keçib.

Geridə qalmış 2023/2024 mövsümündə Mbappe PSJ-nin heyətində bütün yarışlarda 47 oyuna çıxıb, 44 qol vurub, 10 məhsuldar ötürmə verib. Mbappenin Paris klubunun heyətində çxışının ümumi mənzərəsi isə belədir: 307 oyun, 256 qol, 108 məhsuldar ötürmə.

Vurduğu 256 qolla Mbappe PSJ tarixinin ən sərrast futbolçusudur.

Mbappe hazırda kapitanı olduğu, 2017-ci ilin martında debüt etdiyi Fransa yığmasının heyətində 77 oyun keçirib, 46 qol vurub və 31 məhsuldar ötürmə verib. Kilian “xoruzlar”la 2018-ci ildə Rusiyada keçirilmiş dünya çempionatının (DÇ-2018) və UEFA Millətlər Liqasının (2021) qalibi olub.

Klub səviyyəsində Mbappe PSJ ilə 7 dəfə Fransa Liqa 1-in, 3 dəfə Fransa Kubokunun, 2 dəfə Fransa Liqa Kubokunun, 3 dəfə Fransa Super Kubokunun qalibi olub, həmçinin dəfələrlə müxtəlif fərdi mükafatlara layiq görülüb.

“Transfermarkt” internet-portalı 25 yaşlı hücumçunun transfer dəyərini 180 milyon avro məbləğində qiymətləndirir. Bu məbləğ Mbappenin dünyanın 3 ən bahalı futbolçusundan biri olması deməkdir.

Xəbəri sosial şəbəkələrdə paylaş: