“Real” üçün “dünyəvi ulduz” və “möhtəşəm hücumçu”

“Real” Fransa yığmasının ulduzu, hücumçu Killian Mbappenin “qaymaqlılar”ın düşərgəsinə keçidinə münasibətini bildirib.

Arena.az xatırladır ki, iyunun 3-də Mbappenin PSJ-dən azad agent qismində İspaniya klubuna keçidi rəsmən açıqlanıb:

“Killian Mbappe “Real”ın oyunçusudur. Dünyəvi ulduz, 25 yaşında PSJ-də ən məhsuldar mövsümünü keçirdi (44 qol) və ardıcıl altıncı dəfə (27 qol) Fransa Liqa 1-in ən sərrastı oldu.

Komandamız 2018-ci ildə dünya çempionu, 2021-ci ildə isə Millətlər Liqasının qalibi olduğu, finalda qələbə qolunu vurmuş, Fransa yığmasının kapitanı olan möhtəşəm hücumçu ilə güclənir. 2022-ci ildə Qətərdə keçirilmiş dünya çempionatında Mbappe 8 qol vuraraq “Qızıl buts”u qazanıb və finalda het-trikdən sonra 4 qolla dünya çempionatının final mərhələsinin bombardiri olub”, – klubun mətbuat xidməti Mbappeyə məhz belə xasiyyətnamə verib.

“Real” fransalı ulduz hücumçu ilə 5 illik – müddəti 2029-cu ilin yayına qədər qüvvədə olacaq müqavilə imzalayıb.

Kilian Mbappe futbola Fransanın “Bondi” klubunda qədəm qoyub. Ardınca “Klerfonten”ə keçib, oradan isə “Monako”ya yol tapıb və böyük futbolda məhz “Monako” ilə debüt edib.

2015-2018-ci illərdə Knyazlıq klubunun əsas komandasında çıxış etmiş Mbappe, 2018-ci ilin iyulunda 180 milyon avro müqabilində PSJ-nin düşərgəsinə keçib.

Geridə qalmış 2023/2024 mövsümündə Mbappe PSJ-nin heyətində bütün yarışlarda 47 oyuna çıxıb, 44 qol vurub, 10 məhsuldar ötürmə verib. Mbappenin Paris klubunun heyətində çxışının ümumi mənzərəsi isə belədir: 307 oyun, 256 qol, 108 məhsuldar ötürmə.

Vurduğu 256 qolla Mbappe PSJ tarixinin ən sərrast futbolçusudur.

Mbappe hazırda kapitanı olduğu, 2017-ci ilin martında debüt etdiyi Fransa yığmasının heyətində 77 oyun keçirib, 46 qol vurub və 31 məhsuldar ötürmə verib. Kilian “xoruzlar”la 2018-ci ildə Rusiyada keçirilmiş dünya çempionatının (DÇ-2018) və UEFA Millətlər Liqasının (2021) qalibi olub.

Klub səviyyəsində Mbappe PSJ ilə 7 dəfə Fransa Liqa 1-in, 3 dəfə Fransa Kubokunun, 2 dəfə Fransa Liqa Kubokunun, 3 dəfə Fransa Super Kubokunun qalibi olub, həmçinin dəfələrlə müxtəlif fərdi mükafatlara layiq görülüb.

“Transfermarkt” internet-portalı 25 yaşlı hücumçunun transfer dəyərini 180 milyon avro məbləğində qiymətləndirir.