Kilian Mbappe: “PSJ-də düz üzümə dedilər ki, daha…”

“Real”ın fransalı hücumçusu Kilian Mbappe Fransanın PSJ klubunun rəhbərliyinin ona qarşı münasibətindən gileylənib.

Arena.az “RMC Sport” dərgisinə istinadən, ulduz futbolçunun bu barədə fikirlərini təqdim edir:

“Düz üzümə dedilər ki, daha klubda oynamayacağam. Luis Enrike və Luis Kampos məni dəstəklədilər. Onlar olmasaydı, meydana belə, ayaq basmazdım. Həmişə məşqçi və idman direktoru tərəfindən tanınırdım.

Mənə ünvanlanan tənqidləri eşidirəm. Amma hesab edirəm ki, öz çıxışlarımı mühakimə edəcək ən yaxşı insanam, ona görə də keçən mövsüm baş verənlər mənim ölçülərimə uyğun gəlmədi. Əminəm ki, gələn mövsüm belə bir il kimi ildən qane olmayacağam”, deyə Mbappe bildirib.

Daha əvvəl mətbuatda, Mbappenin Paris klubunda ikən PSJ-nin prezidenti Nasser Əl-Xelaifi ilə münaqişəsi olduğu barədə məlumat yayılmışdı.

Xatırladaq ki, iyunun 3-də “Real” Mbappe ilə 5 illik – müddəti 2029-cu ilin yayına qədər qüvvədə olacaq müqavilə imzaladığını bəyan edib.

Mbappe futbola Fransanın “Bondi” klubunda qədəm qoyub. Ardınca “Klerfonten”ə keçib, oradan isə “Monako”ya yol tapıb və böyük futbolda məhz “Monako” ilə debüt edib.

2015-2018-ci illərdə Knyazlıq klubunun əsas komandasında çıxış etmiş Mbappe, 2018-ci ilin iyulunda 180 milyon avro müqabilində PSJ-nin düşərgəsinə keçib.

Geridə qalmış 2023/2024 mövsümündə Mbappe PSJ-nin heyətində bütün yarışlarda 47 oyuna çıxıb, 44 qol vurub, 10 məhsuldar ötürmə verib. Mbappenin Paris klubunun heyətində çxışının ümumi mənzərəsi isə belədir: 307 oyun, 256 qol, 108 məhsuldar ötürmə.

Vurduğu 256 qolla Mbappe PSJ tarixinin ən sərrast futbolçusudur.

Mbappe hazırda kapitanı olduğu, 2017-ci ilin martında debüt etdiyi Fransa yığmasının heyətində 77 oyun keçirib, 46 qol vurub və 31 məhsuldar ötürmə verib. Kilian “xoruzlar”la 2018-ci ildə Rusiyada keçirilmiş dünya çempionatının (DÇ-2018) və UEFA Millətlər Liqasının (2021) qalibi olub.

Klub səviyyəsində Mbappe PSJ ilə 7 dəfə Fransa Liqa 1-in, 3 dəfə Fransa Kubokunun, 2 dəfə Fransa Liqa Kubokunun, 3 dəfə Fransa Super Kubokunun qalibi olub, həmçinin dəfələrlə müxtəlif fərdi mükafatlara layiq görülüb.

“Transfermarkt” internet-portalı 25 yaşlı hücumçunun transfer dəyərini 180 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: