Lionel Messi PSJ-dəki karyerasının uğursuz dövrünü şərh etdi

Argentina yığmasının və “İnter Mayami”nin ulduz hücumçusu Lionel Messi Fransa nəhəngi PSJ-də karyerasının uğursuz dövrünü şərh edib.

Arena.az ESPN portalının Argentina şöbəsinə istinadən, Messinin bu barədə fikirlərini təqdim edir:

“PSJ-yə və onların azarkeşlərinə qarşı heç bir iradım yoxdur, amma təəssüf ki, ümid etdiyim kimi olmadı. Şəxsən mən çətin anlar yaşadım, bəzən müxtəlif dərəcələrdə uğur qazandım. Bəzən ailəmiz üçün çox çətin olurdu. Amma digər tərəfdən, Paris mənim başıma gələn ən yaxşı hadisədir, çünki o illərdə dünya çempionu olmuşam.

Futboldan başqa hansı çətinliklər vardı? Parisdə qonşular qapının zəngini basıb səs-küy salmamağımızı xahiş edirdilər; qonşular sərt idilər. Vur-tut, axşam saat 9-10 olardı”, deyə “Leo” xatırlayıb.

Lionel Messi 2023-cü ilin yayından “İnter Mayami”də çıxış edir. Argentinalı ulduz MLS təmsilçisinə PSJ-dən azad agent qismində qoşulub. “Leo”nun amerikan klubu ilə müddəti 2025-ci ilin dekabr ayının sonuna qədər qüvvədə olacaq müqaviləsi var.

Argentinalı ulduz cari mövsümdə “İnter Mayami”nin heyətində bütün yarışlarda 15 oyuna çıxıb, 14 qol vurub və 11 məhsuldar ötürmə verib. Təcrübəli futbolçunun “İnter Mayami” karyerası ümumilikdə 29 oyun, 25 qol və 16 məhsuldar ötürmədən ibarətdir.

“Leo” hazırda kapitanı olduğu Argentina yığmasında 2005-ci il avqustun 17-də debüt edib. 18 il ərzində ulduz hücumçu yığmada 181 oyun keçirib, 106 qol vurub və 56 məhsuldar ötürmə verib. Bu göstəricilər üzrə “Leo” yığmanın mütləq rekordçusudur.

Argentinalı superulduz yığma ilə Yay Olimpiya Oyunlarının (2008), Amerika Kubokunun (2021), FIFA Dünya Kubokunun (2022), Çempionların CONMEBOL-UEFA Kubokunun (2022) qalibi olub. Həmçinin Messi dünya çempionatının gümüş (2014), Amerika Kubokunun gümüş (2007, 2015, 2016) mükafatçısı olub.

“Transfermarkt” internet-portalı 36 yaşlı Messinin transfer dəyərini 30 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: