Montella: “Gürcüstan yığmasını qiymətləndirmək çox çətindir”

Türkiyə millisinin baş məşqçisi Vinçentso Montella AÇ-2024-ün qrup mərhələsi 1-ci turunda Gürcüstan millisi ilə qarışıdakı oyundan danışıb.

Arena.az UEFA-nın mətbuat xidmətinə istinadən, italyan mütəxəssisin bu barədə fikirlərini təqdim edir:

“Burada, Almaniyada çoxlu azarkeşlərimizin önündə oynamaqdan şərəf duyuruq. Gürcüstan yığmasını qiymətləndirmək çox çətindir və o son dərəcədə ilhamlı olacaq. Bu, asan oyun olmayacaq, biz isə səbrli və mütəşəkkil olmalıyıq.

Biz futbol oynamağa çox erkən yaşlarda başlayırıq və bu həvəs illərlə davam edir. Hamımız bir xəyal üçün buradayıq. Bu arzumuzu həyata keçirməli və əlimizdən gələni etməliyik.

Düzdür, biz heç vaxt Avropa çempionatının final mərhələsinin ilk oyununda qalib gəlməmişik, amma məşhur bir ifadə var: “Hər şeyin bir ilki var”. Yaxşı oyuna hazırlaşmaq, yaxşı təşkilatlanmaq və aşkar qələbə qazanmaq üçün çox çalışmışıq.

Azarkeşlərimizin bizimlə fəxr etmələrini istəyirik. Bizim gənc, istedadlı oyunçularımız və təcrübəli oğlanlarımız var, ona görə də imkanımız var.

Zədə səbəbindən itirilmiş bir neçə futbolçumuz da var, amma diqqətimizi cəmləməli və burada bizimlə olan insanlara inanmalıyıq. Son iki yarışımızda qrup mərhələsini keçə bilmədik, ona görə də, həqiqətən, başlanğıcdan xal toplamağa və oyunlarda qalib gəlməyə başlamalıyıq.

Gürcüstan yığması çətin rəqibdir. Fiziki cəhətdən yaxşı hazırlıqlıdırlar. Səbrlə oynayırlar və imkanlarını gözləyirlər. Əsas odur, onlara top verməyək ki, məqamlar yaratmasınlar.
Bizə çox mütəşəkkillik və diqqət gərəkdir. Oyundan əvvəl qurduğumuz plandan kənara çıxmamalıyıq. Rəqibimizə böyük hörmətimiz var və ciddi oyuna hazırlaşırıq”, deyə Montella vurğulayıb.

Xatırladaq ki, Avropa çempionatının qrup mərhələsinin 1-ci turunda “F” qrupunda Türkiyə – Gürcüstan oyunu bu gün, iyunun 18-də Dortmundun “Siqnal İduna Park” stadionunda keçiriləcək. Hakimin fiti oyunu Bakı vaxtı ilə saat 20:00-da başladacaq.

Xəbəri sosial şəbəkələrdə paylaş: