Türkiyə və Gürcüstan yığmaları Almaniyada təşkil olunmuş futbol üzrə sayca 17-ci Avropa çempionatında (AÇ-2024) ilk oyunlarına çıxıblar.
Arena.az xəbər verir ki, 4 ildən bir keçirilən mötəbər turnirdə 24 komanda mübarizə aparır.
5-ci oyun gününün ilk görüşü F qrupu çərçivəsində Türkiyə və Gürcüstan yığmaları arasında baş tutub. Qarşılaşma Türkiyə millisinin inamlı qələbəsi ilə yekunlaşıb. Görüşdə hesabı ilk hissədə məhz qardaş ölkə təmsilçisi açıb. Amma digər qonşumuz fasiləyə qədər hesaba tarazlıq gətirməyi bacarıb. “Ay-ulduzlular” ikinci hissədə daha 2 qol vurmaqla yekunda 3 xal qazanmağı bacarıblar.
Bu qrupun digər oyunu saat 23:00-da Portuqaliya və Çexiya yığmaları arasında Leypsiqdə keçiriləcək. Bu oyunla Avropa çempionatında qrup mərhələsinin ilk turuna yekun vurulacaq.
AÇ-2024
F qrupu
18 iyun
Türkiyə – Gürcüstan 3:1
Qollar: Mert Müldür, 25. Arda Gülər, 66. Kərəm Aktürkoğlu, 90+7 – George Mikautadze, 32.
Baş hakim: Fakundo Telyo (Argentina).
Dortmund. “Siqnal İduna Park”.


