Didye Deşam Niderland yığması ilə oyunu şərh etdi

Fransa yığmasının baş məşqçisi Didye Deşam AÇ-2024-ün qrup mərhələsinin 2-ci turunda Niderland yığması ilə oyunu (0:0) şərh edib.

Arena.az UEFA-nın rəsmi saytına istinadən, fransız mütəxəssisin bu barədə fikirlərini təqdim edir:

“Təəssüf ki, topu tora göndərə bilmədik. Oyun yüksək tezlikdə keçdi və oğlanlarım əski bacarıqlarını masaya gətirməklə məni sevindirdilər, baxmayaraq ki, qapı qarşısında səmərəliliyin olmaması məni məyus etdi. Çıxarılası müsbət cəhətlər çoxdur, rəqiblərin səviyyəsini də nəzərə almaq gərəkdir, onların hər ikisi də güclüdürlər (Avstriya və Niderland yığmaları – redaktorun qeydi). Ancaq qalib gəlmək üçün qolların gərək olduğu göz qabağındadır. Biz bununla məşğul olacağıq və ümidvarıq ki, məqsədimizə çatmaq və növbəti mərhələyə çıxmaq üçün növbəti oyunda vəziyyəti yaxşılaşdıracağıq”, deyə Deşam vurğulayıb.

Xatırladaq ki, oyunun 69-cu dəqiqəsində mübahisəli məqam yaşanıb. Niderland yığmasının yarımmüdafiəçisi Xavi Simons topu Fransa yığmasının qapısına göndərsə də, bu qol hesaba alınmayıb. Oyunun ingilis baş hakimi Entoni Teylor qol anında Fransa yığmasının qapıçısı Mayk Menyandan çox da uzaq olmayan “narıncı”ların müdafiəçisi Denzel Dumfrisin oyundankənar vəziyyətdə olduğunu müəyyən edib. Halbuki, Dumfris bu məqamda topa toxunmayıb, qapıçı Menyana heç bir maneə törətməyib və vəziyyətə ümumiyyətlə müdaxilə etməyib. Bu oyundankənar vəziyyətin passivlik dərəcəsini müəyyən etmək üçün Teylor və VAR heyətinə xeyli “əlləşib-vuruşmaq” gərək olub. Sonda Niderland yığmasının qolu ləğv edilib.

Vurğulayaq ki, hakimin bu qərarı birmənalı qarşılanmayıb. Mətbuat səhifələrində bunun biabırçılıq və rəzalət nümunəsi olduğu haqda müstəqil şərhçilərin fikirləri yayılıb.

2-ci turdan sonra “D” qrupunda mənzərə belədir:

  1. Niderland – 4 xal
  2. Fransa – 4 xal
  3. Avstriya – 3 xal
  4. Polşa – 0

Vurğulayaq ki, Polşa yığması mötəbər yarışı tərk etmiş ilk komanda olub. Polyaklar sonuncu, 3-cü turda qarşılaşacaqları fransalı “xoruzlar”ı məğlub etsələr belə, ələmə mərhələsinə vəsiqə qazana bilməyəcəklər. Belə ki, Polşa yığması yarış qaydalarına əsasən, şəxsi oyunda məğlub olduğu Avstiya yığmasını yarış cədvəlində üstələyə bilməyəcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: