“İnter Mayami”nin və Argentina millisinin hücumçusu Lionel Messi 2022-ci ildə Qətərdə keçirilmiş dünya çempionatındakı qələbəni xatırlayıb.
Arena.az argentinalı ulduzun bu barədə xatirəsini təqdim edir:
“Karyeram boyu aldığım sevgiyə görə həmişə minnətdar olmuşam. Mənə isə elə gəlib ki, hamı bunun məhz belə bitməsini istəyir, mən dünya çempionu olmadan futbolu tərk edə bilməzdim. Tanrıya şükür, bu, baş verdi və mənim üçün hər şey uğurlu oldu, başladığım zaman xəyal etdiyimdən də çoxuna nail oldum.
İnanıram ki, hər şey bir səbəbdən baş verir və hər şey qismətdir. Mənə görə, əgər bu nəzərdə tutulubsa, deməli, o da var və indi də olmalıdır. Bu da qeyd edildi və tanrı hər şeyin məhz belə olmasını təmin etdi və buna görə də belə oldu”, deyə “Leo” vurğulayıb.
Lionel Messi 2023-cü ilin yayından “İnter Mayami”də çıxış edir. Argentinalı ulduz MLS təmsilçisinə PSJ-dən azad agent qismində qoşulub. “Leo”nun amerikan klubu ilə müddəti 2025-ci ilin dekabr ayının sonuna qədər qüvvədə olacaq müqaviləsi var.
Argentinalı ulduz cari mövsümdə “İnter Mayami”nin heyətində bütün yarışlarda 15 oyuna çıxıb, 14 qol vurub və 11 məhsuldar ötürmə verib. Təcrübəli futbolçunun “İnter Mayami” karyerası ümumilikdə 29 oyun, 25 qol və 16 məhsuldar ötürmədən ibarətdir.
Messi “İnter Mayami”dən öncə Fransada PSJ, İspaniyada isə “Barselona” klublarının formasını geyinib.
“Leo” hazırda kapitanı olduğu Argentina yığmasında 2005-ci il avqustun 17-də debüt edib. 18 il ərzində ulduz hücumçu yığmada 183 oyun keçirib, 108 qol vurub və 58 məhsuldar ötürmə verib. Bu göstəricilər üzrə “Leo” yığmanın mütləq rekordçusudur.
Argentinalı superulduz yığma ilə Yay Olimpiya Oyunlarının (2008), Amerika Kubokunun (2021), FIFA Dünya Kubokunun (2022), Çempionların CONMEBOL-UEFA Kubokunun (2022) qalibi olub. Həmçinin Messi dünya çempionatının gümüş (2014), Amerika Kubokunun gümüş (2007, 2015, 2016) mükafatçısı olub.
“Transfermarkt” internet-portalı 36 yaşlı Lionel Messinin transfer dəyərini 30 milyon avro məbləğində qiymətləndirir.


