Xorvatiya yığmasının baş məşqçisi Zlatko Daliç AÇ-2024-ün qrup mərhələsinin 3-cü turunda İtaliya yığması ilə qarşıdakı oyundan danışıb.
Arena.az UEFA-nın mətbuat xidmətinə istinadən, xorvat mütəxəssisin bu barədə fikirlərini təqdim edir:
“Bu, bizim üçün tarixi oyunlar silsiləsindən növbəti oyundur. Biz hazırıq və inanıram ki, hər şey yaxşı olacaq. Başlanğıc heyətdə meydana çıxmayacaq Domaqoy Vidadan başqa hamı sağlamdır. Qalan hər kəs qaydasındadır. Vəziyyətdən xəbərdarıq ki, ələmə mərhələsi artıq başlayıb. Bizə yalnız qələbə gərəkdir. Üç xalla biz irəliləyirik. Qalan hallarda, biz evə qayıdacağıq. Mən isə evə belə tez qayıtmaq istəmirəm”, deyə Zlatko Daliç vurğulayıb.
Xatırladaq ki, Avropa çempionatının qrup mərhələsinin sonuncu, 3-cü turu çərçivəsində keçiriləcək “B” qrupunun Xorvatiya – İtaliya oyunu bu gün, iyunun 24-də Leypsiqin “Red Bull Arena” stadionunda baş tutacaq. Hakimin fiti oyunu Bakı vaxtı ilə saat 23:00-da başladacaq.
3-cü tur ərəfəsində “B” qrupunun mənzərəsi belədir:
- İspaniya – 6 xal
- İtaliya – 3 xal
- Albaniya – 1 xal
- Xorvatiya – 1 xal
Vurğulayaq ki, İspaniya yığması yarışın 1/8 final mərhələsinə vəsiqəsini artıq təmin edib.


