Lionel Messi özünün fitri istedadı haqda: “Məni tanrı seçib”

“İnter Mayami”nin və Argentina yığmasının kapitanı, ulduz hücumçu Lionel Messi özünün fitri futbol istedadı haqda söhbət açıb.

Arena.az AS dərgisinə istinadən, ulduz futbolçunun bu barədə “Clank” dərgisinə müsahibəsini təqdim edir:

“Erkən yaşlarımdan mənə həmişə fərqli olduğumu deyirdilər, insanlar isə məni görməyə gəlirdilər. Mən böyüdükcə bunu fəhm etmirdim. Məni tanrı seçdi, bu, onun mənə verdiyi vergi idi. Mən bundan istifadə etdim, bundan mütləq fayda əldə etmək üçün mümkün olan hər şeyi etdim”, deyə “Leo” vurğulayıb.

Lionel Messi 2023-cü ilin yayından “İnter Mayami”də çıxış edir. Argentinalı ulduz MLS təmsilçisinə PSJ-dən azad agent qismində qoşulub. “Leo”nun amerikan klubu ilə müddəti 2025-ci ilin dekabr ayının sonuna qədər qüvvədə olacaq müqaviləsi var.

Buna qədər Messi yalnız “Barselona” və PSJ-də çıxış edib.

Argentinalı ulduz cari mövsümdə “İnter Mayami”nin heyətində bütün yarışlarda 15 oyuna çıxıb, 14 qol vurub və 11 məhsuldar ötürmə verib. Təcrübəli futbolçunun “İnter Mayami” karyerası ümumilikdə 29 oyun, 25 qol və 16 məhsuldar ötürmədən ibarətdir.

“Leo” hazırda kapitanı olduğu Argentina yığmasında 2005-ci il avqustun 17-də debüt edib. 18 il ərzində ulduz hücumçu yığmada 183 oyun keçirib, 108 qol vurub və 58 məhsuldar ötürmə verib. Bu göstəricilər üzrə “Leo” yığmanın mütləq rekordçusudur.

Argentinalı superulduz yığma ilə Yay Olimpiya Oyunlarının (2008), Amerika Kubokunun (2021), FIFA Dünya Kubokunun (2022), Çempionların CONMEBOL-UEFA Kubokunun (2022) qalibi olub. Həmçinin Messi dünya çempionatının gümüş (2014), Amerika Kubokunun gümüş (2007, 2015, 2016) mükafatçısı olub.

Fərdi mükafatlara gəlincə, “Leo”nun qənimətlər muzeyində müxtəlif fərdi mükafatlar, o cümldən 8 ədəd “Qızıl top” mükafatı var.

“Transfermarkt” internet-portalı 36 yaşlı Lionel Messinin transfer dəyərini 30 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: