“Əl-Hilal”ın və Braziliya millisinin ulduz hücumçusu Neymar karyerası ərzində qarşı oynamağın ən çətin olduğu rəqibin adını çəkib.
Arena.az “Goal” dərgisinin “VIVA Sport” dərgisinə istinadı əsasında məlumat verir ki, Neymar heç düşünmədən, tərəddüdsüz cavabı ilə diqqət çəkib:
“Tyaqo Silva!”, deyə Neymar qətiyyətlə vurğulayıb.
Xatırladaq ki, Tyaqo Silva cari mövsümün – iyun ayının sonunda “Çelsi” ilə müqaviəlsinin bitməsilə “zadəganlar”ın düşərgəsini tərk edəcək və azad agent qismində “Fluminense”yə qoşulacaq. Daha əvvəl, braziliyalı futbolçu müvafiq keçidini London klubunun rəhbərliyi ilə əvvəlcədən razılaşdırdığını açıq şəkildə bildirmişdi. Həmçinin Silva “Fluminense” ilə də müqavilə barədə razılağa gəldiyini açıqlamışdı.
Tyaqo 2006-2009-cu illərdə məhz “Fluminense”də çıxış edib. “Flu”nun heyətində müdafiəçi 97 oyuna 9 qol, 4 məhsuldar ötürmə ilə fərqlənib.
“Çelsi”də isə Tyaqo 2020-ci ilin avqustundan çıxış edib. Geridə qalmış 2023/2024-cü illər mövsümündə Silva “zadəganlar”ın heyətində bütün yarışlarda 38 oyun keçirib, 4 qol, 1 məhsuldar ötürmə müəllifi olub. Braziliyalı müdafiəçinin “Çelsi” karyerasının ümumi mənzərəsi isə belədir: 155 oyun, 9 qol, 4 məhsuldar ötürmə.
Vurğulayaq ki, Tyaqo Silva müasir futbolun taktiki və strateji baxımdan ən güclü müdafiəçilərindən biridir. 2005/2006 mövsümündə Moskva “Dinamo”suna transfer edilmiş Tyaqo ağır vərəm xəstəliyinə tutulmasına və futbolla vidalaşmaq təhlükəsinə rəğmən, dəhşətli xəstəliyə qalib gələrək yaşıl meydanlara dönməyi bacarıb. “Bədheybət” ləqəbi ilə məşhur olan futbolçu məhz bundan sonra “Fluminense”, “Milan” və PSJ-də də uğurla çıxış edib.
Tyaqo Silva 2008-ci ilin oktyabrında debüt etdiyi və mütəmadi olaraq kapitan sarğısını daşıdığı Braziliya millisinin heyətində 113 oyun keçirib, 7 qol vurub, 4 məhsuldar ötürmə verib. Müdafiəçi “selesao” ilə 2012 Konfederasiyalar Kubokunu, 2019 Amerika Kubokunu qazanıb, həmçinin zədələnərək ehtiyatda qaldığı DÇ-2014-də fəxri 4-cü yeri tutub. Bununla yanaşı, Silvanın medal kolleksiyasında 2021 Amerika Kubokunun gümüş, Yay Olimpiya Oyunlarının bürünc (2008) və gümüş (2012) medalları var.
“Transfermarkt” internet-portalı 39 yaşlı braziliyalı mərkəz müdafiəçisinin tansfer dəyərini 2 milyon avro məbləğində qiymətləndirir.


