Lionel Messi də Kristiano Ronaldonun antirekordunu təkrarladı

Argentina yığmasının heyətində 2024-cü il Amerika Kubokunda işitak edən Lionel Messi antirekorda imza atıb.

Arena.az məlumat verir ki, “albiseleste”nin kapitanı işirak etdiyi mötəbər yarışların (Dünya çempionatı və Amerika Kuboku) qrup mərhələrində ilk dəfə olaraq qolla fərqlənə bilməyib.

“Leo” Amerika Kubokunda qrup mərhələsinin qolsuz başa vurduğu ilk iki tur oyununda meydana çıxıb, 3-cü turun Peru yığması ilə oyununun (2:0) iştirak ərizəsinə isə aldığı zədə səbəbindən daxil edilməyib. Bu, həmçinin Messinin son 8 ildə mötəbər yarışlar çərçivəsində Argentina yığmasının iştirak ərizəsindən kənarda qaldığı ilk oyun olub.

Daha əvvəl, Almaniyada keçirilən Avropa çempionatında (AÇ-2024) çıxış edən, Portuqaliya yığmasının kapitanı Kristiano Ronaldo da karyerası ərzində ilk dəfə olaraq mötəbər yarışların qrup mərhələsində qolla fərqlənə bilməmişdi.

Beləliklə, “Leo” böyük futbolda özünün rəqabət güzgüzü olan Ronaldonun antirekordunu təkrarlamış olub.

Hazırda Messi həkim nəzarəti altındadır. Argentinalı ulduzun Amerika Kubokunun 1/4 final oyununu da buraxacağı istisna edilmir.

Lionel Messi 2023-cü ilin yayından “İnter Mayami”də çıxış edir. Argentinalı ulduz MLS təmsilçisinə PSJ-dən azad agent qismində qoşulub. “Leo”nun amerikan klubu ilə müddəti 2025-ci ilin dekabr ayının sonuna qədər qüvvədə olacaq müqaviləsi var.

Buna qədər Messi yalnız “Barselona” və PSJ-də çıxış edib.

Argentinalı ulduz cari mövsümdə “İnter Mayami”nin heyətində bütün yarışlarda 15 oyuna çıxıb, 14 qol vurub və 11 məhsuldar ötürmə verib. Təcrübəli futbolçunun “İnter Mayami” karyerası ümumilikdə 29 oyun, 25 qol və 16 məhsuldar ötürmədən ibarətdir.

“Leo” hazırda kapitanı olduğu Argentina yığmasında 2005-ci il avqustun 17-də debüt edib. 18 il ərzində ulduz hücumçu yığmada 184 oyun keçirib, 108 qol vurub və 58 məhsuldar ötürmə verib. Bu göstəricilər üzrə “Leo” yığmanın mütləq rekordçusudur.

Argentinalı superulduz Argentina yığması ilə Yay Olimpiya Oyunlarının (2008), Amerika Kubokunun (2021), FIFA Dünya Kubokunun (2022), Çempionların CONMEBOL-UEFA Kubokunun (2022) qalibi olub. Həmçinin Messi dünya çempionatının gümüş (2014), Amerika Kubokunun gümüş (2007, 2015, 2016) mükafatçısı olub.

“Leo”nun qənimətlər muzeyində müxtəlif fərdi mükafatlar, həmçinin 8 “Qızıl top”u var.

Xəbəri sosial şəbəkələrdə paylaş: