Türkiyə millisinin baş məşqçisi Vinçentso Montella AÇ-2024-ün 1/4 finalında Niderland yığması ilə qarşıdakı oyundan gözləntilərini paylaşıb.
Arena.az UEFA-nın mətbuat xidmətinə istinadən, italyan mütəxəssisin bu barədə fikirlərini təqdim edir:
“Bu yarış göstərdi ki, heç bir oyunun taleyi əvvəlcədən müəyyən edilməyib. Hər oyun çətin olsa da, bu, xüsusilə çətin olacaq. Niderland yığmasının dünya səviyyəli oyunçuları və çox güclü komandası var. Onlar güclü şəxsiyyətlərə, fiziki və texniki oyunçulara malikdirlər. Biz bütün gücümüzlə mübarizə aparacağıq.
Biz çoxlu qol vururuq, çünki hücumameylli oyun tərzimiz var və çoxlu təhlükə yarada bilirik. Komanda yaxşı işləyir, hücumameyilli oyunçuların isə daha qabarıq təzahür etdiyi sistemlər olsa da, tərtibatımız yarışda bizə yaxşı xidmət edir”, deyə Montella vurğulayıb.
Xatırladaq ki, Avropa çempionatının 1/4 final mərhələsinin Niderland – Türkiyə oyunu bu gün, iyulun 6-da Berlinin “Olimpiaştadion”unda keçiriləcək. Hakim oyunu Bakı vaxtı ilə saat 23:00-da başladacaq.


