Lionel Messi Argentina yığmasının finala çıxmasını şərh etdi

Argentina yığmasını kapitanı, ulduz hücumçu Lionel Messi “albiseleste”nin 2024-cü il Amerika Kubokunun finalına çıxmasını şərh edib.

Arena.az xatırladır ki, “Leo” yarımfinalda Kanada yığması ilə oyunda (2:0) komandasının qələbəsinə vurduğu qolla töhfəsini verib.

Vurğulayaq ki, Messi bu qarşılaşmada oyunun ən yaxşı oyunçusu seçilib.

“Bu, çox pis meydanları, çox yüksək hərarət və çox güclü komandaları ilə çox mürəkkəb bir Kubokdur”, – “TyC Sport” dərgisi Messidən sitat gətirir.

Oyundan sonra Messi özünün sosial şəbəkə hesabları üzərindən çağırış edib:

“İrəli! Finala! Yenidən Amerika Kubokunun finalında olmaqdan çox şadam. Daha bir addımımız qalıb”, deyə “Leo” vurğulayıb.

Cari Amerika Kubokunda Messi 4 oyun keçirib, 1 qol və bir məhsuldar ötürmə ilə fərqlənib.

Yeri gəlmişkən, 37 yaşlı veteran ulduz 2006-cı ildə Almaniyada keçirilmiş dünya çempionatından bəri ardıcıl 10 mötəbər yarışda Argentina yığmasının heyətində qol vurğmağı bacarıb.

Lionel Messi həm də millinin heyətində ən çox qol vuran ikinci futbolçu olub. O, Argentina millisinin heyətində 109-cu qolunu vuraraq iranlı Əli Daeini (108) ötüb və ikinci pilləyə yüksəlib. Yığmada ən çox qol vuran futbolçuların siyahısına isə 130 qolla portuqaliyalı ulduz futbolçu Kristiano Ronaldo başçılıq edir.

Xatırladaq ki, Messi Argentina millisində 2005-ci il avqustun 17-də, Macarıstanla yoldaşlıq oyununda debüt edib. O, meydana daxil olduqdan bir dəqiqə sonra qırmızı vərəqə görüb. Futbolçu millidə ümumilikdə 186 oyun keçirib.

Finalda Argentina yığması Uruqvay – Kolumbiya cütünün qalibi ilə oynayacaq, bu cütün oyunu isə iyulun 11-də keçiriləcək.

Bu, Argentina yığmasının Amerika Kubokunda ardıcıl 2-ci finalı, Messinin isə Argentina yığmasının heyətində mötəbər yarışlarda yüksəldiyi 8-ci finalıdır.

Xatırladaq ki, Argentina yığması Amerika Kubokunun çempionu qismində cari yarışa qatılıb.

Amerika Kubokunun finalı isə iyulun 14-də baş tutacaq.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: