“Kəpəz”in sağ cinah müdafiəçisi Ehtiram Şahverdiyev 2024/2025 mövsümündə də Gəncə klubunun uğurları üçün çalışmağa davam edəcək.
Arena.az xəbər verir ki, bu barədə Gəncə klubunun mətbuat xidməti məlumat yayıb.
Xəbərdə bildirilir ki, 27 yaşlı futbolçu ilə 1+1 illik yeni müqavilə imzalanıb. Onun əvvəlki sözləşməsinin müddəti bu yay bitmişdi.
Ehtiram Şahverdiyev 2023-cü ilin iyul ayında “Turan Tovuz”dan “Kəpəz” gəlib. Müdafiəçi Gəncə təmsilçisinin heyətində indiyə qədər 33 oyun keçirib, 2 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
Şahverdiyev daha öncə “Turan Tovuz”, “Sumqayıt” və “Qəbələ”də oynayıb. O, Azərbaycanın U-21 yığmasında da forma geyinib.
“Kəpəz” bu yay Yeqor Xvalko ilə də yeni müqavilə imzalandığını açıqlamışdı. Elçin Əlicanov, Vüsal Məsimov, Mate Kvirkviya, Adama Niane, Martins Junior, Olavale Onanuqa, İqor Rodriqes, Georgi Papunaşvili, Rüfət Əhmədov və Latir Fall Gəncə təmsilçisini tərk ediblər. Gedənlərin əvəzində “Kəpəz” hələlik Elmir Tağıyev (“Səbail”), Nicat Süleymanov (“Araz-Naxçıvan”), Paulo Rojerio (“Lenk”, Portuqaliya) və Kərim L’Kuçanı (“Santa Koloma”, Andorra) heyətinə cəlb edib.


