Serxio Qomes “Mançester Siti”dən ayrıldı – “Real Sosyedad”a görə

İngiltərənin “Mançester Siti” klubunun sol cinah müdafiəçisi Serxio Qomes bundan sonra “Real Sosyedad”ın uğurları üçün çalışacaq.

Arena.az xəbər verir ki, İspaniya klubu 9 milyon avro qarşılığında ispan futbolçunu heyətinə qatıb.

23 yaşlı futbolçu yeni klubu ilə 6 illik (2030-ci ilin 30 iyununa qədər) müqavilə bağlayıb.

Serxio Qomes “Badalona”, “Espanyol” və “Barselona” kimi klubların futbol akademiyalarından keçib. 2018-ci ilin yanvarında Almaniyanın “Borussiya” (Dortmund) klubu “Barselona”ya 3 milyon avro ödəyərək Qomesi heyətinə cəlb edib. “Borussiya”da olarkən qısa müddət “Hueska”ya icarəyə də verilmiş müdafiəçi 2021-ci ilin yayında 3,5 milyon avroya Belçika “Anderlext”inə satılıb. “Mançester Siti” Serxionu 2022-ci ilin avqustunda 15 milyon avro qarşılığında heyətinə qatmışdı. Amma o, bu klubun heyətində cəmi 38 oyuna çıxıb və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Serxio İspaniyanın müxtəlif yaş qrupları üzrə yığmalarında forma geyinsə də, əsas millidə debüt şansı qazanmayıb.

Serxio Qomesi heyətinə qatan “Real Sosyedad” mərkəz yarımmüdafiəçisi Roberto Lopeslə də yollarını ayırıb. 24 yaşlı hücumameyilli yarımmüdafiəçi azad agent kimi “Leqanes”ə keçib. İspan futbolçu yeni klubu ilə 3 illik müqavilə bağlayıb.

Roberto Lopes “Real Sosyedad”ın öz yetirməsidir. O, son iki mövsümü “Mirandes” və “Tenerife”də icarədə keçirib. Yarımmüdafiəçi “Real Sosyedad”ın əsas komandasında cəmi 24 oyuna çıxıb, 3 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Lopes İspaniyanın U-18, U-19 və U-21 yığmalarında oynasa da, əsas millidə debüt şansı əldə etməyib.

“Mançester Siti” gənc hücumçusu Liam Delapı da “İpsviç Taun”a satıb. İngiltərə çempionu bu satışdan 17,85 milyon avro qazanıb. 21 yaşlı forvard yeni klubu ilə 5 illik müqaviləyə imza atıb.

“Mançester Siti”nin yetirməsi olan Liam Delap bu klubun əsas komandasında cəmi 6 oyun keçirib və 1 qol vurub. O, icarə əsasında “Hall Siti”, “Stok Siti”, “Preston”, “Derbi Kaunti” kimi klublarda da forma geyinib, İngiltərənin müxtəlif yaş qrupları üzrə yığmalarında oynayıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: