Mbappenin təqdimatına havayı biletlər 50 avroya satılır

Ehtikarlar fransalı ulduz hücumçu Kilian Mbappenin təqdimat mərasiminə havayı biletləri 50 avro məbləğinə satmağa başlayıblar.

Arena.az bu barədə “Relevo” dərgisinə istinadən məlumat verir.

Mənbəninin məlumatına görə, ehtikarlar, ictimaiyyət üçün havayı nəzərdə tutulmuş bu biletləri daha əvvəl əldə etmiş şəxslərdir.

Vurğulanır ki, müvafiq vəziyyət bilet paylanması şərtlərinə görə yaranıb. İlk növbədə biletlər “sosyos”a – “qaymaqlılar”ın rəsmi qeydiyyatdan keçmiş və müvafiq sənədləri olan klub üzvlərinə verilib. Ardınca biletlər “madridista” (madridçi – “Real”ın sadiq azarkeşi, realbaz – redaktorun qeydi) təsdiq vəsiqəsinə malik azarkeşlərə təqdim edilib. Daha sonra isə yerdə qalan biletlər geniş ictimaiyyətə təqdim edilib. Belə ki, digərlərindən daha tez bilet almış “Real” azarkeşləri onları satmağa başlayıblar. Ortada, müvaviq dərəcəli biletləri bu məqasədlə öncədən əldə edib “pul qırmaq” istəyən mütəşəkkil dəstənin fəaliyyət göstərdiyi də istisna edilmir.

Təqdimat mərasiminə bir neçə nəfərə eyni biletin satılması kimi qanun pozuntusu ilə müşəayiət edilmiş xamlama halları da qeydə alınıb. Vurğulanır ki, bu halda yalnız birinci gəlmiş şəxs biletdən istifadə edərək stadiona daxil ola bilər, qalanları isə çəkdiyi xərci itirmiş olacaqlar. Təşkilatçılar müvafiq hallara qarşı təzminat ödəmək fikrində deyillər, çünki müvafiq üsulla biletlərin əldə edilməsinin özü bir qanunsuzluqdur. Təşkilatçılar havayı biletləri müvafiq üsullarla satan ehtikarların və həmin biletləri alan kəslərin də qanun pozuntusuna yol verdiyini vurğulayıblar.

Xatırladaq ki, Kilian Mbappenin təqdimat mərasimi iyulun 16-da “Real”ın evi – “Santyaqo Bernabeu” stadionunda baş tutacaq.

Təşkilatçılar tədbir ərəfəsində qanqaralıq düşməməsi üçün bilet satan hoqqabazlara bir növ “baş qoşmamağı”, hələlik “görməzdən gəlməklə” mövqe tutmağa üstünlük verirlər. Hadisənin araşdırılacağı bildirilir.