Kilian Mbappe: “Real”da bütün uğurlarım öz-özünə gələcək”

Madrid “Real”ının fransalı ulduz hücumçusu Kilian Mbappe ən nüfuzlu fərdi futbol mükafatı – “Qızıl top” haqda sualı cavablayıb.

Arena.az məlumat verir ki, hücumçu bu barədə özünün dünən, iyulun 16-da “Santyaqo Bernabeu”da keçirilmiş təqdimat mərasimində danışıb:

“Mən qənimət qazanmaq üçün ən yaxşı yerdəyəm, amma indi üstünlük verdiyim məqam komandaya uyğunlaşmaqdır. Uğurun açarı budur, qalanı isə öz-özünə gələcək”, deyə Mbappe əminliklə bildirib.

Fransalı ulduz hücumçu həmçinin “Real”ın heyətində debütü ilə bağlı sualı da cavablayıb. Xatırladaq ki, Mbappenin “Real”da debütü UEFA Super Kuboku uğrunda “Atalanta” ilə oyuna nəzərdə tutulub:

“Əlbəttə, mən Super Kubok oyununa hazır olacağam. Amma hər şey məşqçidən asılıdır. Çalışacağam ki, oyuna hazır olum”, deyə Mbappe bildirib.

Xatırladaq ki, UEFA Super Kuboku uğrunda həlledici oyun avqustun 14-də Çempionalar Liqasının 2023/2024-cü illər mövsümünün qalibi “Real” və həmin mövsümün Avropa Liqasının qalibi “Atalanta” arasında baş tutacaq.

Kilian Mbappe futbola Fransanın “Bondi” klubunda qədəm qoyub. Ardınca “Klerfonten”ə keçib, oradan isə “Monako”ya yol tapıb və böyük futbolda məhz “Monako” ilə debüt edib.

2015-2018-ci illərdə Knyazlıq klubunun əsas komandasında çıxış etmiş Mbappe, 2018-ci ilin iyulunda 180 milyon avro müqabilində PSJ-nin düşərgəsinə keçib.

2023/2024-cü illər mövsümündə Mbappe PSJ-nin heyətində bütün yarışlarda 47 oyuna çıxıb, 44 qol vurub, 10 məhsuldar ötürmə verib. Mbappenin Paris klubunun heyətində çxışının ümumi mənzərəsi isə belədir: 307 oyun, 256 qol, 108 məhsuldar ötürmə.
Vurduğu 256 qolla Mbappe PSJ tarixinin ən sərrast futbolçusudur.
Kilian Mbappe hazırda kapitanı olduğu, 2017-ci ilin martında debüt etdiyi Fransa yığmasının heyətində 84 oyun keçirib, 48 qol vurub və 35 məhsuldar ötürmə verib. Kilian “xoruzlar”la 2018-ci ildə Rusiyada keçirilmiş dünya çempionatının (DÇ-2018) və UEFA Millətlər Liqasının (2021) qalibi olub.

Klub səviyyəsində Mbappe PSJ ilə 7 dəfə Fransa Liqa 1-in, 3 dəfə Fransa Kubokunun, 2 dəfə Fransa Liqa Kubokunun, 3 dəfə Fransa Super Kubokunun qalibi olub, həmçinin dəfələrlə müxtəlif fərdi mükafatlara layiq görülüb.

Xəbəri sosial şəbəkələrdə paylaş: