Futbol üzrə Azərbaycan Premyer Liqasında mübarizə aparan “Kəpəz” klubu sağ vingeri Tural Rzayev ilə müqavilənin müddətini artırıb.
Arena.az bu barədə Gəncə klubunun mətbuat xidmətinə istinadən xəbər verir.
Gəncə futbol məktəbinin yetirməsi olan yarımmüdafiəçi ilə klub arasında 1+1 illik yeni sözləşmə imzalanıb. Tərəflər arasındakı əvvəlki müqavilənin müddəti bu yay başa çatmışdı.
Tural Rzayev ölkə çempionatının yüksək dəstəsində yalnız bir komandanın – “Kəpəz”in formasını geyinib. Yarımmüdafiəçinin bu klubdakı debütü 2015/16 mövsümündə gerçəkləşib. Tural Rzayev 2015-ci il avqustun 9-da “Neftçi” ilə səfər qarşılaşmasında şans qazanıb. Həmin görüş 0:0 hesabı ilə başa çatıb.
Tural ötən mövsüm “Kəpəz”in heyətində 25 oyuna çıxsa da, fərqlənə bilməyib. 30 yaşlı vinger Gəncə klubunun heyətində bütövlükdə 119 oyuna çıxıb, 1 qol və 3 assistlə yadda qalıb.
Rzayev Litvada “Jonava”, Gürcüstanda “Merani” klublarının da şərəfini qoruyub.
Xatırladaq ki, “Kəpəz” daha əvvəl Yeqor Xvalko, Elmir Tağıyev, Ehtiram Şahverdiyev, Əli Səmədov və Vurğun Hüseynovla da başa çatan müqavilənin müddətini yeniləmişdi.
Gəncə klubu Elmir Tağıyev (“Səbail”), Nicat Süleymanov (“Araz-Naxçıvan”), Paulo Rojerio (“Lenk”, Portuqaliya), Kərim L’Kuça (“Santa Koloma”, Andorra), Məmməd Hüseynov (“Zirə”) və Lassana Ndiayeni (“Botev”, Bolqarıstan) də heyətinə cəlb edib.
Elçin Əlicanov, Vüsal Məsimov, Mate Kvirkviya, Adama Niane, Martins Junior, Olavale Onanuqa, İqor Rodriqes, Georgi Papunaşvili, Rüfət Əhmədov, Latir Fall, Amil Yunanov və Kamran İbrahimov isə komandanı tərk ediblər.


