Erik ten Haq Meyson Mauntun hazırlığını qiymətləndirdi

“Mançester Yunayted”in baş məşqçisi Erik ten Haq “qırmızı şeytanlar”ın yarımmüdafiəçisi Meyson Maunt haqda danışıb.

Arena.az niderlandlı mütəxəssisin ingilis futbolçu haqda fikrini təqdim edir:

“Meyson bütün mövsümöncəsi mərhələni bizimlə birgə keçib. Bu, ona kömək edəcək, mövsümün başlanğıcı üçün yaxşı bazaya sahib olmaqda ona dəstək olacaq. Hamı bilir ki, Meyson Maunt keyfiyyətli oyunçudur. O, bizə gərək olan səviyyəyə çatmağa və oyunlarda qalib gəlməyə kömək edəcək”, deyə Erik ten Haq vurğulayıb.

Xatırladaq ki, Meyson Maunt “Çelsi”nin yetirməsidir. İngilis yarımmüdafiəçi “Mançester Yunayted”ə 2023-cü ilin iyul ayında 64,2 milyon avro müqabilində elə, “zadəganlar”ın düşərgəsindən keçib. Mauntun “qırmızı şeytanlar”la müqaviləsi 2028-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Maunt “Mançester Yunayted”in heyətində 2 oyuna çıxıb, fərqlənə bilməyib. O, “qırmızı şeytanlar”la bütövlükdə 22 oyuna çıxıb, 1 qol və 1 məhsuldar ötürmə müəllifi olub.

Meyson karyerası ərzində “Çelsi”, “Derbi Kaunti”, “Vitess” kimi klublarda forma geyinib.

Maunt 2019-cu ilin sentyabrında debüt etdiyi İngiltərə yığmasının heyətində 36 oyuna 5 qol, eyni sayda məhsuldar ötürmə ilə fərqlənib.

“Transfermarkt” internet-portalı 25 yaşlı Meyson Mauntu 35 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: