PSJ Mbappeyə olan borcuna görə ÇL-dən kənarlaşdırıla bilər

PSJ keçmiş hücumçusu Kilian Mbappeyə olan borcu səbəbilə 2024/2025 mövsümündə UEFA Çempionlar Liqasından kənarlaşdırıla bilər.

Arena.az bu barədə “Sport Bible” dərgisinə istinadən məlumat verir.

Daha əvvəl məlum olub ki, hazırda “Real”da çıxış edən Mbappe Fransa Futbol Federasiyası (FFF) vasitəsilə Fransa Liqası (LFP) və UEFA-nın hüquq komissiyasına müraciət edərək, əvvəllər çıxış etdiyi PSJ-dən tərəflərin köhnə müqaviləsinə əsasən 55 milyon avro məbləğində təzminat ödəməsini tələb edib.

Mənbənin məlumatına görə, Fransa Liqasının bu məsələyə qarışması Paris klubu üçün fəlakət yarada bilər. Çünki təşkilat kluba transfer qadağası tətbiq etmək, həmçinin UEFA lisenziyasını ləğv etmək səlahiyyətinə malikdir. Bu, Fransa nəhənginin Çempionlar Liqasından dərhal kənarlaşdırılması ilə nəticələnə bilər.

Xatırladaq ki, Kilian Mbappe futbola Fransanın “Bondi” klubunda qədəm qoyub. Ardınca “Klerfonten”ə keçib, oradan isə “Monako”ya yol tapıb və böyük futbolda məhz “Monako” ilə debüt edib. 2015-2018-ci illərdə Knyazlıq klubunun əsas komandasında çıxış etmiş futbolçu, 2018-ci ilin iyulunda 180 milyon avro müqabilində PSJ-nin düşərgəsinə keçib. 6 il bu komandanın uğurları üçün çalışmış Mbappenin Paris klubunun heyətində çxışının ümumi mənzərəsi belədir: 307 oyun, 256 qol, 108 məhsuldar ötürmə. O, vurduğu 256 qolla PSJ tarixinin ən sərrast futbolçusudur.

Klub səviyyəsində Mbappe PSJ ilə 7 dəfə Fransa Liqa 1-in, 3 dəfə Fransa Kubokunun, 2 dəfə Fransa Liqa Kubokunun, 3 dəfə Fransa Super Kubokunun qalibi olub.

O, bu yay Fransa nəhəngini azad agent kimi tərk edərək İspaniya çempionu “Real”a keçib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: