Ançelotti “Betis”lə oyunu bir cümlə ilə şərh etdi

“Real”ın baş məşqçisi Karlo Ançelotti İspaniya La Liqasının 4-cü turu çərçivəsində Madriddə “Betis”lə oyunu (2:0) şərh edib.

Arena.az məlumat verir ki, italyan mütəxəssis oyunsonrası mətbuat konfransında bu oyuna dair fikrini bircə cümlə ilə əsaslandırıb:

“Biz hələ ən yaxşı formada deyilik, amma tezliklə ora çatacağıq”, – “Madrid Zone” dərgisi Ançelottidən sitat gətirir.

Ançelotti “Real”ın bu yay heyətinə qatdığı Kilian Mbappenin qol ayağının açılması ilə də bağlı fikrini bildirib:

“Mbappenin qolları? Biz ona heç bir təzyiq etmədik, amma bu oyun onun üçün çox vacib idi”, deyə italyan mütəxəssis bu məqamı öncədən vurğuladığı kimi, təbii qəbul edib.

Ançelotti “qaymaqlılar”ın əsas penaltiçisi, braziliyalı cinah oyunçusu Vinisius Juniorun 11 metrlik zərbəni komandanın yeni transferi Kilian Mbappeyə vurmaq hüququ verməsindən də söhbət açıb:

“Penaltini Mbappe yerinə yetirdi? Vinisius ona bu hüququ verdi, onun üçün qol vurmaq vacibdir. Amma biz komanda işini daha çox qiymətləndiririk və bu, son oyundan daha yaxşı idi. Vinisius Mbappeyə penalti zərbəsini vurmağı həvalə etməklə çox comərd davrandı. Onların yaxşı münasibəti var”.

Mbappe isə komanda yoldaşı, uruqvaylı yarımmüdafiəçi Federiko Valverdenin ilk qol zamanı ona verdiyi ötürməyə münasibətini bildirib: “Fede” topuqla əla oynayır. Sentyabrdır, biz ayıq-sayıq olmalı, çox çalışmalı və birlikdə işləməliyik”, deyə Mbappe bildirib.

4 turdan sonra “Real” 8 xalla La Liqanın yarış cədvəlində 4-cü pillədə qərarlaşıb. “Betis” isə 3 oyundan 2 xalla 19-cu pillədədir. La Liqaya 4 oyunda mütləq nəticə – 12 xal toplamış “Barselona” başçılıq edir.

Xəbəri sosial şəbəkələrdə paylaş: