PSJ-nin keçmiş baş məşqçisi Maurisio Poçettino “Real”ın fransalı ulduz hücumçusu Kilian Mbappe haqda söhbət açıb.
Arena.az “Relevo” dərgisinə istinadən məlumat verir ki, argentinalı mütəxəssis fransalı futbolçunun hələ PSJ-də çıxış edərkən, taktikaya olan marağından və özünü inkişaf etdirməsindən danışıb:
“O, axşamlarını evdə futbola baxaraq, gözlənilmədən bizə zəng edər və ya təhlil edilmiş oyunların fotoşəkillərini və videolarını göndərərək keçirirdi. Mbappe hətta Portuqaliyanın ikinci liqasının oyunlarını da izləyib, bizə suallar ünvanlayıb.
O, bütün bunları öyrənmək və ən yaxşısı olduğu halda, daha yaxşı olmaq üçün edirdi”, deyə Poçettino bildirib.
Kilian Mbappe futbola Fransanın “Bondi” klubunda qədəm qoyub. Ardınca “Klerfonten”ə keçib, oradan isə “Monako”ya yol tapıb və böyük futbolda məhz “Monako” ilə debüt edib. 2015-2018-ci illərdə Knyazlıq klubunun əsas komandasında çıxış etmiş Mbappe, 2018-ci ilin iyulunda 180 milyon avro müqabilində PSJ-nin düşərgəsinə keçib.
“Real” Mbappeni 2024-cü ilin iyul ayında PSJ-dən azad agent qismində “qaymaqlılar”ın düşərgəsinə qatıb. “Kral klubu” fransalı hücumçu ilə müddəti 2029-cu ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıb.
Cari mövsümdə Mbappe “Real”ın heyətində bütün yarışlarda 5 oyuna çıxıb, 3 qol vurub.
Kilian Mbappe hazırda kapitanı olduğu, 2017-ci ilin martında debüt etdiyi Fransa yığmasının heyətində 84 oyun keçirib, 48 qol vurub və 35 məhsuldar ötürmə verib. Kilian “xoruzlar”la 2018-ci ildə Rusiyada keçirilmiş dünya çempionatının (DÇ-2018) və UEFA Millətlər Liqasının (2021) qalibi olub.
Klub səviyyəsində Mbappe PSJ ilə 7 dəfə Fransa Liqa 1-in, 3 dəfə Fransa Kubokunun, 2 dəfə Fransa Liqa Kubokunun, 3 dəfə Fransa Super Kubokunun qalibi olub, “Real”la UEFA Super Kubokunu qazanıb həmçinin dəfələrlə müxtəlif fərdi mükafatlara layiq görülüb.
“Transfermarkt” internet-portalı 25 yaşlı fransalı mərkəz hücumçusunun transfer dəyərini 180 milyon avro məbləğində qiymətləndirir. Bu isə Mbappenin dünyanın dörd ən bahalı futbolçusundan biri olması deməkdir.


