Konor Qallaxer: “Çelsi”dən gedişim hamının xeyrinə oldu”

Futbol üzrə İngiltərə yığmasının yarımmüdafiəçisi Konor Qallaxer “Çelsi”dən ayrılaraq Madrid “Atletiko”suna qoşulması haqda danışıb.

Arena.az xatırladır ki, Qallaxerin keçidi artıq geridə qalmış yay transfer pəncərəsi zamanı baş tutub.

“Çelsi” öz qərarlarını özü verir və onlar uzunmüddətli müqavilələr üzrə yaxşı oyunçular imzalayıblar. Mənim üçün vəziyyət fərqli idi, amma sonda baş verənlər hamı üçün yaxşı oldu, odur ki, hamı məmnundur.

Hər kəsin bildiyi kimi, “Çelsi” və “Atletiko”nun razılığa gəlməyə çalışdığı bir neçə həftə ərzində çox şey baş verib. Digər vəziyyətlər də buna müdaxilə etdi. Amma mən həmişə vəziyyəti çox sakit qəbul etmişəm və nəticədən çox razıyam. Qəribə idi. Ancaq baş məşqçi Dieqo Simeone və klub mənim haqqımda və mənimlə danışdıqlarına görə hər zaman sövdələşmənin baş tutacağına əmin idim. Mən tam əmin idim ki, onlar razılığa gələcəklər”.

Xatırladaq ki, ingilis yarımmüdafiəçi bir müddət öncə “döşəkçilər”lə müddəti 2029-cu ilin yayına qədər qüvvədə olacaq müqavilə imzalayıb. Madrid klubu Qallaxerin keçidi müqabilində “Çelsi”yə 42 milyon avro ödəyib.

Konor Qallaxer “Çelsi”nin yetirməsidir. Yarımmüdafiəçi karyerası ərzində “Çarlton”, “Suonsi Siti”, “Vest Bromviç” və “Kristal Pelas”da icarə əsasında çıxış edib.

Qallaxer “Çelsi”də bütövlükdə 95 oyun keçirib, 10 qol və 10 məhsuldar ötürmə müəllifi olub. O, bu mövsüm “Atletiko”da 2 oyuna çıxıb.

Konor Qallaxer 2021-ci ilin noyabrında debüt etdiyi İngiltərə yığmasının heyətində 18 oyun keçirib, 1 məhsuldar ötürmə müəllifi olub.

Konor Qallaxerin qənimətlər muzeyində “Çelsi”nin U-18 komandası ilə qazandığı İngiltərə Gənclər Liqası çempionluğu (2016/2017 və 2017/2018), həmçinin “zadəganlar”la əldə etdiyi Avropa Liqası (2018/2019) var. Qallaxer milli komanda səviyyəsində İngiltərənin U-17 komandası ilə Dünya Kubokunun (2017) qalibi olub.

“Transfermarkt” internet-portalı 24 yaşlı yarımmüdafiəçinin transfer dəyərini 50 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: