“Real”ın və Fransa yığmasının mərkəz hücumçusu Kilian Mbappe bu dəfə vətəni Fransada tənqid hədəfinə tuş gəlib.
Arena.az “RMC Sport” dərgisinə istinadən məlumat verir ki, “xoruzlar”ın ulduzunu fransız jurnalist Daniel Riolo çox sərt tənqid edib.
Mütəxəssisin fikrincə, fransalı ulduz ətrafındakı insanlara və Fransa yığmasının azarkeşlərinə laqeyd yanaşır.
Xatırladaq ki, daha əvvəl Mbappe tənqidlərə və azarkeşlərin fikirlərinə əhəmiyyət vermədiyini bildirmişdi.
“Bu adamın başqalarına iyrənc münasibəti var. Ya yalan danışır, ya da həqiqətən axmaqdır. Onun insanların fikirlərinə əhəmiyyət vermədiyini car çəkməyə haqqı yoxdur… Mbappe həqiqətən belə düşünürsə, o zaman futbolun başını buraxmalıdır! Axı, stadion duyğuları yaşamağa gələn insanlarla doludur.
Fransa yığmasında özünü korlanmış və həqarətli adam kimi apara bilməzsən, İspaniya mətbuatında isə təbəssümləri və göz vurmaqları ilə üzdədir”, deyə Riolo vurğulayıb.
Xatırladaq ki, “Real” Mbappeni 2024-cü ilin iyul ayında PSJ-dən azad agent qismində “qaymaqlılar”ın düşərgəsinə qatıb. “Kral klubu” fransalı hücumçu ilə müddəti 2029-cu ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıb.
Cari mövsümdə Mbappe “Real”ın heyətində bütün yarışlarda 5 oyuna çıxıb, 3 qol vurub.
Kilian Mbappe hazırda kapitanı olduğu, 2017-ci ilin martında debüt etdiyi Fransa yığmasının heyətində 85 oyun keçirib, 48 qol vurub və 35 məhsuldar ötürmə verib. Kilian “xoruzlar”la 2018-ci ildə Rusiyada keçirilmiş dünya çempionatının (DÇ-2018) və UEFA Millətlər Liqasının (2021) qalibi olub.
Klub səviyyəsində Mbappe PSJ ilə 7 dəfə Fransa Liqa 1-in, 3 dəfə Fransa Kubokunun, 2 dəfə Fransa Liqa Kubokunun, 3 dəfə Fransa Super Kubokunun qalibi olub, “Real”la UEFA Super Kubokunu qazanıb həmçinin dəfələrlə müxtəlif fərdi mükafatlara layiq görülüb.
“Transfermarkt” internet-portalı 25 yaşlı fransalı mərkəz hücumçusunun transfer dəyərini 180 milyon avro məbləğində qiymətləndirir. Bu isə Mbappenin dünyanın dörd ən bahalı futbolçusundan biri olması deməkdir.


