Deşam Poqba haqda: “Onun üçün işıq yenidən şölə saçır”

Fransa yığmasının baş məşqçisi Didye Deşam Pol Poqbanın dopinq qəbuluna görə cəza müddətinin azaldılmasına münasibətini açıqlayıb.

Arena.az fransız mütəxəssisin bu barədə fikrini təqdim edir:

“Pol Poqba üçün işıq yenidən şölə saçır. Onun keçəcəyi bəzi mərhələlər var, amma bu, əla xəbərdir. O, mart ayında yenidən oynaya biləcək. Bu müddət ərzində onunla telefonla mütəmadi söhbətləşmişəm. Bu, onun üçün çox çətin idi.

Bu, hələ də cəza olaraq qalır, amma nisbətən daha az ağırlıqda. İndi Poqba 2025-ci ilin martında yenidən oynaya biləcəyini bilir. Futbolu çox sevdiyi üçün isə bu, onun üçün əla xəbərdir”, deyə Deşam vurğulayıb.

Xatırladaq ki, ötən ilin avqustunda fransalı yarımmüdafiəçi dopinq müayinəsindən müsbət nəticə ilə keçib. Fevralın 29-da antidopinq məhkəməsi Poqbanın 4 il müddətinə futboldan kənarlaşdırılması qərarını təsdiqləyib. Məhkəmə Poqbanın futbolçu fəaliyyətinin dayandırılmasına qərar verdikdən sonra, fransalı futbolçu müvafiq qərardan apellyasiya şikayəti vemişdi. Artıq məlum olduğu kimi, İdman Arbitraj Məhkəməsi (CAS) Poqbanın dopinq istifadəsi ilə bağlı cəzasının müddətini azaldıb. Fransalı futbolçunun cəza müddəti daha əvvəl təyin edilmiş 4 il müddətindən 1 il 6 aya endirilib.

Poqba 2025-ci ilin yanvarından etibarən “Yuventus”la ümumi məşqlərə başlaya biləcək. Gələn ilin martına qədər isə Poqbanın rəsmi oyunlarda iştirakına icazə veriləcək.

Pol Poqba “Yuventus”a 2022-ci ilin iyul ayında “Mançester Yunayted”dən keçib. Fransalı futbolçunun Turin klubu ilə müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.

Pobqa “Yuventus”un heyətində ümumilikdə 190 oyuna çıxıb, 34 qol vurub və 41 məhsuldar ötürmə verib.

Pol Poqba 2013-cü ilin mart ayında debüt etdiyi Fransa yığmasının heyətində 91 oyun keçirib, 11 qol vurub, 9 məhsuldar ötürmə verib. Pol “xoruzlar”la 2018-ci ildə Rusiyada keçirilmiş dünya çempionatının qalibi olub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: