Messi, Neymar və Mbappenin gedişi PSJ-yə necə təsir edib?

PSJ-nin baş direktoru Viktoriano Melero ulduz hücumçu üçlüyünün itirilməsinin Fransa nəhənginin maliyyə vəziyyətinə təsiri haqda danışıb.

Arena.az xatırladır ki, söhbət argentinalı Lionel Messi, braziliyalı Neymar və fransalı Kilian Mbappenin PSJ-ni tərk etməsi ilə Paris klubunun iqtisadi mənzərəsindən gedir:

“Messi, Neymar və Mbappenin gedişi? Bunu müqabilində heç bir iqtisadi itkimiz olmadı. 2023/2024-cü illər mövsümünün gəlirləri əvvəlki ilə müqayisədə daha yüksəkdir. 2025-ci ildə isə həm də artacaq. Kommersiya gəlirləri də artmağa davam edəcək.
PSJ brendi çox güclüdür. Biz həmişə köynək satışına, rəmzi olduğundan, xüsusi diqqət yetiririk. Amma bu sahədə iqtisadi model zəmanətli minimuma əsaslanır. Ona görə də futbolçuların gedişinin klub üçün maddi baxımdan heç bir təsir nəticəsi yoxdur.

Bununla belə, cari mövsüm Liqa 1-in televiziya yayımı hüquqları böhranı səbəbindən 50 milyon avro məbləğ itirəcəyik, xüsusən də avropalı rəqiblərimizlə müqayisədə. Bizim vəzifəmiz bu itkini təzmin etməyin yollarını arayıb-tapmaqdır. Amma buna rəğmən, gəlirlərimiz artmağa davam edəcək, o cümlədən yeni yarışlar sayəsində”, – Melero Fransa mətbuatına açıqlamasında bildirib.

Liqa 1-də cari mövsümün geridə qalmış 7 turundan sonra PSJ 17 xal toplayıb. Paris təmsilçisi 2 xal geri qaldığı lider “Monako”nu yarış cədvəlində 2-ci pillədən təqib edir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: