“Real”ın fransalı ulduz hücumçusu Kilian Mbappe İsveç mətbuatının onun haqqında xoşagəlməz xəbərinə münasibətini açıqlayıb.
Arena.az xatırladır ki, daha əvvəl İsveç mətbuatında, Stokholm polisinin, Mbappe və qohumlarının keçən həftə iki gün qaldığı oteldə baş vermiş zorlama hadisəsindən bir qadının şikayət etməsindən sonra təhqiqata başladığı haqda məlumat yayılıb.
“Saxta xəbərlərdir. Bu, o qədər təxmin ediləbiləndir ki, dinləmədən bir gün əvvəl bu xəbər ortaya çıxdı, sanki təsadüfən”, – Mbappe özünün sosial şəbəkə hesabı üzərindən paylaşıb.
Mbappe yəqin ki, PSJ ilə bağlı məhkəmə iclasını nəzərdə tutub. Paris klubunun fransalı futbolçuya 50 milyon avro məbləğin maaş borcu var.
Daha əvvəl mətbuatda, PSJ-nin 2024-cü ilin aprel ayından bəri Mbappeyə maaş və müxtəlif üstəliklərini ödəmədiyi barədə məlumat yayılıb.
Mbappenin İsveç mətbuatında yayılmış və futbolçunun saxta adlandırdığı xəbərləri şərh edərəkən burada keçmiş klubunun əli olduğuna eyhamla işarə etməsi, PSJ-nin fransalı ulduzun cavabını verməsinə səbəb olub:
“Düzünü desək, məyusedicidir. Onun başına gəlmiş hər şeyə görə PSJ məsuliyyət daşıyır. “Real” üçün bir qol (penaltidən başqa) vurmadı? Bu, PSJ-nin təqsiridir. Doğrudanmı o, Fransa komandasının oyunlarını buraxıb? Bu, PSJ-nin günahıdır. İndi də PSJ İsveçdə hekayələr uydurur. Gəlin, buna məhəl qoymayaq”, – “Ekip” nəşri PSJ-dən sitat gətirir.
Xatırladaq ki, Kilian Mbappe 2024-cü ilin iyul ayında PSJ-dən azad agent qismində ayrıladaq, İspaniya nəhəngi “Real”ın düşərgəsinə keçib. “Kral klubu” fransalı hücumçu ilə müddəti 2029-cu ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıb.
Cari mövsümdə Mbappe “Real”ın heyətində bütün yarışlarda 11 oyuna çıxıb, 7 qol vurub, 1 məhsuldar ötürmə verib.
Kilian Mbappe hazırda kapitanı olduğu, 2017-ci ilin martında debüt etdiyi Fransa yığmasının heyətində 86 oyun keçirib, 48 qol vurub və 35 məhsuldar ötürmə verib. Kilian “xoruzlar”la 2018-ci ildə Rusiyada keçirilmiş dünya çempionatının (DÇ-2018) və UEFA Millətlər Liqasının (2021) qalibi olub.
“Transfermarkt” internet-portalı 25 yaşlı fransalı mərkəz hücumçusunun transfer dəyərini 180 milyon avro məbləğində qiymətləndirir.


