“Napoli”nin hücumçusu Romelu Lukaku “Çelsi”nin əfsanəvi ivuarlı hücumçusu Didye Droqba ilə müqayisələrə necə qarşılıq verdiyini açıqlayıb.
Arena.az nüfuzlu italyan jurnalist-insayder Fabritsio Romanoya istinadən məlumat verir ki, Lukaku Droqbadan fərqli oyun tərzinə malik olduğunu bildirib və ivuarlı hücumçunun daha çox kürəyi qapıya doğru oynadığnı qabardaraq, müvafiq oyun üslubunu sevmədiyini vurğulayıb:
“İngiltərədə məni müəyyən çərçivəyə sövq etmək istəyirdilər. Mənim kimi iri bədən quruluşlu birini görüb deyirdilər: “Bu, yeni Droqbadır”. Halbuki mən belə deyiləm. Didye daha çox arxası qapıya tərəf dayanar, ötürmənin haradan gəlməsindən asılı olmayaraq topu tuta bilirdi. Bu, mənim üslubum deyil!”, deyə belçikalı futbolçu qətiyyətlə vurğulayıb.
Romelu Lukaku futbola “Lyers”də qədəm qoyub, karyerası ərzində “Anderlext”, “Çelsi”, “Vest Bromviç”, “Everton”, “Mançester Yunayted”, “İnter” və “Roma”da çıxış edib. Lukaku “Napoli”yə 2024-cü ilin avqust ayında “Çelsi”dən keçib. Neapol klubu Lukakunun tamhüquqlu əsasda keçidi müqabilində “Çelsi”yə 30 milyon avro məbləğində ödəniş edib və belçlikalı futbolçu ilə müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıb.
Cari mövsümdə Lukaku “Napoli” üçün keçirdiyi 6 oyunda 3 qol vurub və 5 məhsular ötürmə verib.
Romelu Lukaku 2010-cu ilin mart ayında debüt etdiyi Belçika yığmasının heyətində 119 oyun keçirib, 85 qol vurub, 18 məhsuldar ötürmə verib.
“Transfermarkt” internet-portalı 31 yaşlı belçikalı hücumçunun transfer dəyərini 30 milyon avro məbləğində qiymətləndirir.


