“Real”ın fransalı ulduz hücumçusu Kilian Mbappe “qaymaqlılar”ın sentyabr ayı üçün ən yaxşı oyunçusu seçilib və duyğularını paylaşıb.
Arena.az “Real”ın rəsmi saytına istinadən, fransalı futbolçunun bu barədə fikrini təqdim edir:
“Mən çox xoşbəxtəm və “Real” azarkeşlərinə minnətdaram. Ayın oyunçusu olmaqdan məmnunam. Ən əsası, bu mükafatı yenidən ala bilmək üçün təzə ayda da oyunlarda qalib gəlməkdir.
Qarşıda çox vacib üç görüş var. Amma mən və komandam hazırıq. Ümidvaram ki, bütün madridliləri sevindirə biləcəyik”, deyə Mbappe vurğulayıb.
Xatırladaq ki, Mbappeyə qarşı İsveç otellərinin birində zorlamada iddiası ilə bağlı şikayət qaldırılıb. Hazırda iş ilə bağlı Skandinaviya ölkəsinin hüquq-mühafizə orqanları araşdırma aparırlar.
Kilian Mbappe 2024-cü ilin iyul ayında PSJ-dən azad agent qismində ayrıladaq, İspaniya nəhəngi “Real”ın düşərgəsinə keçib. “Kral klubu” fransalı hücumçu ilə müddəti 2029-cu ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıb.
Cari mövsümdə Mbappe “Real”ın heyətində bütün yarışlarda 11 oyuna çıxıb, 7 qol vurub, 1 məhsuldar ötürmə verib.
Kilian Mbappe hazırda kapitanı olduğu, 2017-ci ilin martında debüt etdiyi Fransa yığmasının heyətində 86 oyun keçirib, 48 qol vurub və 35 məhsuldar ötürmə verib. Kilian “xoruzlar”la 2018-ci ildə Rusiyada keçirilmiş dünya çempionatının (DÇ-2018) və UEFA Millətlər Liqasının (2021) qalibi olub.
“Transfermarkt” internet-portalı 25 yaşlı fransalı mərkəz hücumçusunun transfer dəyərini 180 milyon avro məbləğində qiymətləndirir.


