Braziliya futbolunun əfsanəsi, “selesao”nun keçmiş oyunçusu Rivaldo tarixin ən yaxşı futbolçusu mövzusunda fikrini açıqlayıb.
Arena.az “Sport.es” dərgisinə istinadən, Rivaldonun bu barədə fikrini təqdim edir:
“Messimi və ya Pelemi? Mən Pelenin oyununu şəxsən görməmişəm, amma videoyazılara baxmışam və hamı onun əla olduğunu deyir. O, üç dünya kubokunu qazanıb və braziliyalıdır… Amma Messi Peleyə bənzəyir. O, dünya çempionu olmağı qarşısına məqsəd qoyub və buna nail olub. Messi meydanda fərq yaratmağa qadirdir. Ümidvaram ki, o, yenidən oynayacaq ki, biz ondan həzz ala bilək”, deyə Rivaldo bildirib.
Vurğulayaq ki, Pelenin müəyyən etdiyi bir çox nailiyyətlər və rekordlar əlçatmaz görünür. Həmçinin “Futbol Kralı” ləqəbi Peləyə audiovizual texnologiyalların müasir günümüzdəki qədər əlçatan olmadığı, zəif inkişaf etdiyi bir dövrdə, nümayiş etdirdiyi yüksək keyfiyyətli müstəna oyunu və ardıcıl sabit çıxışı müqabilində verilib. Pele bir atlet kimi bütün göstəricilərdə yüksək istedada malik olub və öz üzərində çalışmaqla səciyyəvi olub. Həmçinin Pele sağlam həyat tərzini təbliğ etməklə yanaşı, meydanda və meydandankəarda bir nümunə sayılıb. “Futbol Kralı” üç dəfə (DÇ-58, DÇ-62 və DÇ-70) dünya çempionatlarının qalibi olub ki, bu da başqa heç bir futbolçuya müyəssər olmayıb və müvafiq nailiyyət müasir futbolun gedişatı baxımından əlçatmaz görünür. Vurğulaıq ki, Pele ilk dünya çempionluğunu 17 yaşında meydanda parlaq oyunu mənzərəsində qazanıb.
Messiyə gəlincə, “Leo” 2023-cü ilin yayından MLS təmsilçisi “İnter Mayami”də çıxış edir.
“Leo” hazırda kapitanı olduğu Argentina yığmasında 2005-ci il avqustun 17-də debüt edib. Ulduz hücumçu yığmada 189 oyun keçirib, 112 qol vurub və 60 məhsuldar ötürmə verib. Bu göstəricilər üzrə “Leo” yığmanın mütləq rekordçusudur.
Argentinalı superulduz Argentina yığması ilə Yay Olimpiya Oyunlarının (2008), Amerika Kubokunun (2021, 2024), FIFA Dünya Kubokunun (2022), Çempionların CONMEBOL-UEFA Kubokunun (2022) qalibi olub. Həmçinin Messi dünya çempionatının (2014) və Amerika Kubokunun gümüş (2007, 2015, 2016) mükafatçısı olub.
“Leo”nun qənimətlər muzeyində müxtəlif fərdi mükafatlar, həmçinin 8 “Qızıl top”u var.


