“Sabah”da ciddi itki – Lepinitsa əməliyyat olundu

“Sabah”ın dayaq yarımmüdafiəçisi, xorvatiyalı futbolçu İvan Lepinitsa aldığı ağır zədə səbəbindən əməliyyat olunub.

Arena.az bu barədə paytaxt klubunun mətbuat xidmətinə istinadən xəbər verir.

Yarımmüdafiəçi Xorvatiyanın Zaqreb şəhərində yerləşən klinikalardan birində çiyin oynağının bankart lezionu və çiyin bağlarının yırtığı əməliyyatı keçirib. Əməliyyat uğurla başa çatıb. Futbolçunun bərpa müddəti və yaşıl meydanlara nə vaxt qayıdacağı açıqlanmır.

Xatırladaq ki, “Sabah” İvan Lepinitsanı bu ilin iyul ayında Xorvatiyanın “Slaven Belupo” klubundan 500 min avro müqabilində transfer etmişdi. Xorvatiyalı dayaq yarımmüdafiəçisi Azərbaycan təmsilçisinin heyətində 12 oyuna çıxıb, 1 qol və 1 məhsuldar ötürmə verib.

Xorvat futbolçu Azərbaycan Premyer Liqasının 10-cu turu çərçivəsində keçirilmiş “Zirə” – “Sabah” matçının ilk hissəsində sıradan çıxmışdı. O, aldığı zədə səbəbindən oyunun 41-ci dəqiqəsində əvəzlənmək məcburiyyətində qalmışdı.

İvan futbolçu karyerası ərzində Xorvatiyanın “Rieka” (2018-2023), həmçinin icarə əsasında bu ölkənin “Zadar” (2018/19), Almaniyanın “Arminiya” (2022/23) klublarında çıxış edib. Lepinitsa 2023-cü ildə “Rieka”dan “Slaven Belupo”ya keçib. O, bu klubun forması altında meydana çıxdığı 23 oyunda 3 qol vurub, 1 məhsuldar ötürmə verib.

Futbolçu Xorvatiyanın U-19, U-20 və U-21 milli komandalarının da şərəfini qoruyub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: