Mbappe yığmaya çağırılmadı, Deşam qərarını əsaslandırdı

“Real”ın fransalı ulduz hücumçusu Kilian Mbappe UEFA Millətlər Liqasının qrup mərhələsinin oyunları üçün Fransa yığmasına çağırılmayıb.

Arena.az “RMC Sport” dərgisinə istinadən məlumat verir ki, “xoruzlar”ın baş məşqçisi, fransız mütəxəssis Didye Deşam İsrail (14 noyabr) və İtaliya (17 noyabr) yığmalarına qarşı keçiriləcək oyunlarda Mbappenin xidmətinə ehtiyac görmədiyini əsaslandırıb:

“Mən onunla bu vəziyyəti müzakirə etmişəm. Görüşdən sonra bu barədə düşünüb qərar verdim. Düşünürəm ki, belə, daha yaxşı olacaq. Mən bunu müzakirə etmək fikrində deyiləm. Mən yalnız iki xüsusu qeyd edə bilərəm: Kilian gəlmək istəyirdi və bunun idmandan kənar məsələlərlə heç bir əlaqəsi yoxdur, hansı ki, buna münasibətdə təqsirsizlik gözləntisi var. Qarşıdakı iki oyun üçün bu heyəti seçmişəm.

Mən yalnız sərt qərarlar verirəm və onları əvvəllər dəfələrlə vermişəm. Hər bir futbolçunun öz şəxsiyyəti var. Milli yığma komandaya çağırılmışların siyahısını açıqlamalı olanda heç də hamı sevinmir. Amma müvafiq qərarların verilməsinə görə mən məsuliyyət daşıyıram. Mən bununla yaşamalı və hər dəfə az-çox sərt qərarlar verməliyəm. Bir-birini başa düşmək vacibdir”, deyə Deşam vurğulayıb.

“O, Deşama ən yaxşı idman formasına qayıtmalı olduğunu deyib”

Bu mənzərədə məşhur ispan jurnalist Xose Luis Sançes Kilian Mbappenin “xoruzlar”ın düşərgəsindən kənarda qalmasının əsl səbəbini açıqlayıb:

“Kilian Mbappe Deşama ən yaxşı idman formasına qayıtmalı olduğunu deyib. Ona görə də o, siyahıya salınmayıb”, – Sançes özünün “X” sosial şəbəkə hesabı üzərindən paylaşıb.

Kilian Mbappe futbola Fransanın “Bondi” klubunda qədəm qoyub. Ardınca “Klerfonten”ə keçib, oradan isə “Monako”ya yol tapıb və böyük futbolda məhz “Monako” ilə debüt edib. 2015-2018-ci illərdə Knyazlıq klubunun əsas komandasında çıxış etmiş Mbappe, 2018-ci ilin iyulunda 180 milyon avro müqabilində PSJ-nin düşərgəsinə keçib. Kilian 2018-2024-cü illər aralığında Paris klubunun heyətində 307 oyuna çıxıb, 256 qol, 108 məhsuldar ötürmə ilə yadda qalıb. Vurduğu 256 qolla Mbappe PSJ tarixinin ən sərrast futbolçusudur.

Kilian Mbappe 2024-cü ilin iyul ayında PSJ-dən azad agent qismində ayrılaraq, İspaniya nəhəngi “Real”ın düşərgəsinə keçib. “Kral klubu” fransalı hücumçu ilə müddəti 2029-cu ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıb.

Cari mövsümdə Mbappe “Real”ın heyətində bütün yarışlarda 15 oyuna çıxıb, 8 qol vurub, 2 məhsuldar ötürmə verib.

Klub səviyyəsində Mbappe PSJ ilə 7 dəfə Fransa Liqa 1-in, 3 dəfə Fransa Kubokunun, 2 dəfə Fransa Liqa Kubokunun, 3 dəfə Fransa Super Kubokunun qalibi olub, həmçinin dəfələrlə müxtəlif fərdi mükafatlara layiq görülüb. “Real”la isə Mbappe UEFA Super Kubokunun qalibi olub.

Kilian Mbappe hazırda kapitanı olduğu, 2017-ci ilin martında debüt etdiyi Fransa yığmasının heyətində 86 oyun keçirib, 48 qol vurub və 35 məhsuldar ötürmə verib. Kilian “xoruzlar”la 2018-ci ildə Rusiyada keçirilmiş dünya çempionatının (DÇ-2018) və UEFA Millətlər Liqasının (2021) qalibi olub.

“Transfermarkt” internet-portalı 25 yaşlı fransalı mərkəz hücumçusunun transfer dəyərini 180 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: